Mehriban qonşuluq, dostluq münasibətlərinin ruhuna zidd


Siyasət 25 Yan 2019 21:50:00 221 0

Mehriban qonşuluq, dostluq münasibətlərinin ruhuna zidd

Xəbər verdiyimiz kimi, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avakyana abidə qoyulub.

Ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, deputatlar Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak ediblər.

Qarabağ müharibəsində ölən Mikail Avakyanın abidəsini və onun ətrafında salınan oyun meydançası xeyriyyəçi Qaqika Avaqyanın maddi dəstəyi ilə ərsəyə gətirilib.

Qeyd edək ki, terrorçu Mikail Avakyan Qarabağ müharibəsi başlayan zaman Ermənistan Ordusuna qoşulub, Azərbaycanın Xocavənd, Xocalı və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. "Kobra" ləqəbi ilə tanınıb, çünki Azərbaycan dilini bilməsi ona kəşfiyyat işlərində kömək edib. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralanaraq qətlə yetirilib.

Bu, Azərbaycanın haqlı narazılığına səbəb olub. Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də məsələ ilə bağlı görüş keçirib. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Maraqlıdır ki, Abxaziyada separatçı hərəkata oradakı yerli ermənilər böyük töhfə veriblər. Onların yaratdığı "Baqration" batalyonu isə yerli gürcü dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib. 

Gürcüstanın ərazi itkisinə səbəb olmuş döyüşlərdə osetin və abxaz tərəfində döyüşmüş hər hansı şəxsə Azərbaycanda abidə qoyulması Gürcüstanda necə qarşılanardı?

Gürcüstan bu ölkəni bölmək istəyən və bunu gizlətməyən Cavaxetiya ermənilərinə dəstək verməklə öz gələcəyini sual altına qoyur. 

20 Yanvarın ildönümü gününə təyin edilmiş bu mərasim Azərbaycanla Gürcüstan arasında illərdir mövcud olan mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir. 

Gürcüstan dövlət büdcəsinin mühüm bir hissəsini Azərbaycanın hesabına doldurur. Amma bunun qarşılığında işğalçı Ermənistana atəşkəs dövründə bütün mümkün köməklikləri edib və edir, Ermənistanın ərzaqla bağlı böhrandan çıxması üçün öz ərazisindən istifadəyə şərait yaradıb və yaradırlar, hətta işğalçı ölkəyə Abxaziyadan yeni dəhliz açılması tez-tez İrəvan və Tiflis arasında müzakirəyə çıxarılır. 

Gürcüstanda ölkənin milli maraqlarını, Gürcüstan-Azərbaycan strateji müttəfiqliyini düşünməyən, ona ziyan vurmaq istəyən şəxslər mövcuddur. Onlar həm erməni lobbisi tərəfindən, həm də digər maraqlı qruplar vasitəsilə iki ölkənin münasibətlərinə xələl gətirirlər.

Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı Mamuka Baxtadze ilə görüşündən sonraya, seçkiqabağı çıxışlarında ermənilərə xüsusi reveranslar etməsi ilə Azərbaycanda narazılıq doğurmuş Salome Zurabaşvilinin prezident seçilməsindən sonraya təsadüf etməsi suallar doğurur.

Sonda onu da qeyd edək ki, Cavaxetiya bölgəsi Gürcüstanın milli maraqlarını təhdid edən bir bölgədir. Qarabağ müharibəsi olmasaydı, ermənilər bu gün Cavaxetiyada etdiklərini Qarabağda da edərdilər...

Ruslan Məmmədov