Şirkətdən yarım milyona yaxın pul oğurlayan: "Ehtiyacım var idi, məktub yazıb götürdüm"


Kriminal 25 Yan 2019 20:10:00 445 0

Şirkətdən yarım milyona yaxın pul oğurlayan: "Ehtiyacım var idi, məktub yazıb götürdüm"

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R.Nəbiyev özünü ittihamlarda qismən təqsirli bilib.

Prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib: "Həmin gün seyfdə pulun çox olduğunu gördüm. Ehtiyacım vardı, ona görə oğurlamaq qərarına gəldim. Əvvəl seyfdən 20 min manat götürmək istəyirdim. Lakin pulun çox olduğunu görüb fikrimdən daşındım. Seyfi açdım və pulun hamısını götürdüm. Qalan pulu sonra qaytaracaqdım. Əgər 20 min manat götürüb qalanını orada saxlasaydım, digər şəxslər pulu götürəcəkdilər. Seyfdən pulu götürən kimi yazıb qoydum ki, 20 min manat götürmüşəm, çünkü borcum var idi, qalanını da qaytaracağam. Səhər idarəyə zəng edib pulun qalan hissəsinin məndə olduğunu və gəlib götürmələrini istədim. Götürdüyüm pullardan kredit borcumu ödədim. Səhər idarənin əməkdaşları gəldi. Sonra polis əməkdaşları da gələrək məni həbs etdilər".

Məhkəmədə elan olunub ki, Sumqayıt Texnologiyalar Parkı təqsirləndirilən şəxsə qarşı 22 750 manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 250 manat geri qaytarılıb.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.