Xəzəri çirkləndirənlərə qarşı martda sərt tədbirlər görüləcək


Digərləri 25 Yan 2019 19:10:00 226 0

Xəzəri çirkləndirənlərə qarşı martda sərt tədbirlər görüləcək

Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin direktoru Ərəstun Həsənov bildirib.

Onun sözlərinə görə, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib: "Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq ötən illərdə olduğu kimi bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək".

Ə.Həsənov, həmçinin dənizin çirkləndirilməsinin qarşısının alınması üçün görüləcək tədbirlər barədə də məlumat verib: "Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır. Monitorinqlər zamanı Xəzər dənizinin sahil zolağında yerləşən müəssisə, təsərrüfat və yaşayış məntəqələrindən dənizə tökülən yüzlərlə axar qeydə alınıb və əksər obyektlərdə təmizləyici qurğular olmadığından tullantı sularının primitiv üsullarla şambolara yığılaraq, heç bir təmizlənmə aparılmadan birbaşa Xəzərə axıdıldığı məlum olub.