Yunus Oğuz: "Azərbaycan müxalifətinin radikal qanadı Paşinyana "nəfəslik" açmaq istəyir"


Siyasət 25 Yan 2019 15:41:00 256 0

Yunus Oğuz: "Azərbaycan müxalifətinin radikal qanadı Paşinyana "nəfəslik" açmaq istəyir"

Azərbaycan müxalifətinin radikal qanadı Paşinyana "nəfəslik" açmaq istəyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu yazıçı-publisist Yunus Oğuz deyib.

Y.Oğuz bildirib ki, son vaxtlar Azərbaycan müxalifətinin radikal qanadının fəallaşması təsadüfi deyil: "Sual yaranır: radikal müxalifət düşərgəsi niyə məhz indi fəallaşıb? Məsələ burasındadır ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanması prosesində artıq müəyyən irəliləyiş müşahidə olunur. Bu mərhələdə həm siyasi, həm hərbi, həm iqtisadi, həm də sosial cəhətdən Ermənistanın baş naziri Nikol Paşinyan küncə sıxılıb. Bu, özünü istər beynəlxalq aləmdə, istərsə də daxildə gedən proseslər fonunda göstərir və Paşinyanı məcbur edirlər ki, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində addımlar atsın. Paşinyanın həm Rusiya Prezidenti Vladimir Putinlə görüşündə, həm də ABŞ rəhbəri Donald Trampın ona ünvanlanmış məktubunda bunun işartıları görünür".

Onun sözlərinə görə, belə bir mərhələdə müəyyən xarici qüvvələr var ki, Azərbaycanda qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar: "Azərbaycanda qarışıqlığı isə heç şübhəsiz ki, radikal müxalifətin əli ilə yaratmağa cəhd edilir. Bununla ona nail olmaq istəyirlər ki, Azərbaycanın başı daxili proseslərə qarışsın və Qarabağ problemi, belə demək mümkünsə, yaddan çıxsın. Bu da Paşinyana "nəfəslik" açmaq üçün kifayət qədər vaxt verəcək".

Yazıçı-publisist qeyd edib ki, burada bəzi beynəlxalq transmilli korporasiyaların rolu böyükdür və bəzi müxalifət partiyalarına bunun üçün kifayət qədər pul ötürülür:

"Daxildəki bəzi müxalifət qüvvələrinin əli ilə çalışırlar ki, Azərbaycanın başı daxili proseslərə qarışsın. Əgər onlar normal, sağlam müxalifət olsaydı, Paşinyanın küncə sıxılması ərəfəsində belə cəhdlər etməzdilər. Əksinə, Azərbaycan dövlətinə dəstək verməli idilər. Yanvarın 19-da özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan bir sıra radikal müxalifət partiya və birliklərinin keçirdiyi mitinq, yanvarın 2-də Şəhidlər xiyabanında qarışıqlıq yaratmaq cəhdi də həmin ssenarinin tərkib hissəsidir".