Dövlət qulluğu sistemində islahatlara dəstəyin göstərilməsi ilə bağlı layihəsi yekunlaşıb


Digərləri 25 Yan 2019 14:15:59 197 0

Dövlət qulluğu sistemində islahatlara dəstəyin göstərilməsi ilə bağlı layihəsi yekunlaşıb

25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - 25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib. Trend-in məlumatına görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə artıq 2 ildən çoxdur ki, Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilib. Layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikası Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi olub. Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirməkdir. Bağlanış mərasimində Azərbaycan və Litvanın dövlət qurumlarından, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bir sıra vəzifəli şəxslər çıxış edib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz çıxışında qeyd edib ki, layihə çərçivəsində litvalı həmkarlarımızla birgə bir çox yerli təşkilatlarla mühüm işlər görülüb, onlar üçün treninqlər keçirilib, vəzifələrin təsnifat sisteminin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflər irəli sürülüb və fikrimcə, kifayət qədər müsbət nəticələr əldə edilib. Sədr bildirib ki, bu layihə çərçivəsində bir çox praktik nəticələr də əldə edilib. Misal üçün, xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində təqdim olunan yeni yanaşmalar çox müsbət qarşılanıb. Həmçinin layihənin hər bir komponenti üzrə ekspertlər tərəfindən zəruri tövsiyələr verilib və gələcək üstünlüklər barədə geniş izahat işləri aparılıb. Sahənin hərəkətverici qüvvəsi hesab olunan bir komponent – mükafatlandırma sistemi ilə bağlı 14 ekspert missiyası və 1 təlim səfəri baş tutub. Mükafatlandırma sistemi haqqında qanun layihəsinin işlənib hazırlanması ilə bağlı müqayisəli araşdırmalar və müxtəlif hesablamaların dəqiq təhlili aparılıb və hazırda bu qanun artıq qəbul olunmaq mərhələsindədir. Litva tərəfindən layihə rəhbəri olan Alminas Maciulis layihənin Tvinninq müqaviləsində nəzərdə tutulan əsas nəticələrinin əldə olunmasından məmnunluq duyduğunu və layihə dövründə həyata keçirilən təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu bildirib. O, qeyd edib ki, 2019-2025-ci illər üzrə Azərbaycan Respublikasında Dövlət Qulluğunun İnkişafına dair Strategiyanın 2018-ci ilin noyabrında qəbul edilməsi dövlət qulluğunun daha da inkişafı baxımından olduqca əhəmiyyətli hadisədir. A.Maciulis gələcəkdə də Litvanın Azərbaycanla sıx əlaqələr qurmağa hazır olduğunu və 2019-cu ildə Azərbaycan - Litva diplomatik əlaqələrinin 100 illiyinin qeyd olunacağını vurğulayıb.