İlahiyyat İnstitutunda valideynlər imtahan prosesini izləyiblər (FOTO)


Digərləri 25 Yan 2019 13:47:21 195 0

İlahiyyat İnstitutunda valideynlər imtahan prosesini izləyiblər (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir. Bu məqsədlə 25 yanvar 2019-cu il tarixdə İnstitutda təhsil alan tələbələrin valideynləri və İctimai Şuranın üzvləri imtahan prosesinin gedişatını izləyiblər. Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov valideynlərlə görüşündə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartlarına uyğun təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb. İnstitut rəhbəri Ceyhun Məmmədov diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apelyasiya komissiyası yaradılıb. Həmçinin sessiyanın normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyi, imtahan prosesində yarana biləcək hər hansı problem ilə bağlı tələbənin birbaşa rektora müraciət edə bilməsi üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.