“Britaniyada azərbaycanlıların hüquqi problemləri çoxdur” FOTO


Digərləri 25 Yan 2019 11:35:00 240 0

“Britaniyada azərbaycanlıların hüquqi problemləri çoxdur”  FOTO

Son.az Böyük Britaniyada vəkilliyin ən yüksək dərəcəsini qazanan və bu ölkədə hüquq firması yaradan ilk və yeganə azərbaycanlı Rauf Xəlilovun report-a müsahibəsini təqdim edir:

- Hazırda Böyük Britaniyada bir əcnəbi olaraq hüquq şirkəti açmaq çətindirmi?

- Əcnəbi olmasan da hüquq şirkəti açmaq çətin bir prosedurdur. Əcnəbi olduğun zaman, təbii ki, başqa problemlər, maneələr də ortaya çıxır. Birinci məsələ qanuni tərəfdən bu ölkədə yaşayıb, burada iş qurmaq hüququna malik olmaqdır. Təbii ki, hər əcnəbidə bu hüquq yoxdur. İkinci məsələ mədəniyyət məsələsidir. Hər bir insan yeni getdiyi ölkədə hər bir münasibəti, ünsiyyəti yenidən qurmaq məcburiyyətindədir. Bu, burada yaşayıb, boya-başa çatan insan üçün fərqlidir, çünki bura onun öz doğma yurdudur. Burada doğulan, böyüyən insanın çevrəsi, tanıdığı insanlar, simalar var. Əcnəbi olduğun zaman bu imtiyazlar olmur, daha da çətin olur. Təbii ki, insan zəhmətkeş olsa və onun sona qədər getmə niyyəti olsa bütün maneələri aşmaq olur. Çünki maneələr insanlar üçün yaranıb.

- Bura ilk gəlməyiniz, aldığınız təhsil barədə məlumat verərdiniz.

- Mən artıq 19 ildir ki, Böyük Britaniyadayam. İlk dəfə bura 19 yaşımda gəlmişəm. Təhsil alıb, üç universitetdən məzun olmuşam. Bütün tələbələr kimi mən də oxuyub, təhsil alıb bir peşəkar kimi formalaşmaq istəyirdim. Təhsilimi yeni başlayanda bəzi planlarım var idi, ancaq təhsili başa çatdırmağa doğru yaxınlaşanda başqa planlarım oldu. Bilirsiniz, hüquq sənətini seçən tələbələrin çoxu sənətə iş adamı prizmasından baxmırlar. Onlar vəkil olaraq təhsil almaq istəyirlər. Mən gənclərə tövsiyə edərdim ki, buna biznes prizmasından baxsınlar. Çünki istər hüquq şirkəti olsun istər başqa bir şirkət olsun, bu, bir biznesdir. Biznesi gözəl anlamaq lazımdır. Biznes necə işləyir, necə yaratmaq olur bunları anlamaq lazımdır. Bu istiqamətdə çalışsalar, hesab edirəm ki, uduzmazlar və çox qabağa gedərlər. Mən ilk gündən işimi qurub, öz işimin sahibi olmaq, bir iş adamı olmaq istəmişəm. Mənim üçün biznes adamı olmaq daha çox maraqlıdır, çünki biznes həyatdır. Biznesdə başqa qanunlar var, başqa reallıqlar var. Onları dərk edib və onların üstündə işləmək mənim üçün daha maraqlıdır. Ona görə də mən bu istiqaməti seçmişəm və peşman deyiləm.

- Azərbaycanlıların Britaniyada inteqrasiyası barədə nə fikirləşirsiniz, sizcə, daha nələr etmək olar?

- Bu, qəliz sualdır, bunun asan cavabı yoxdur. Milliyətindən asılı olmayaraq, bura gələn hər insanın qarşısında duran hüquqi, mədəni, maddi, mənəvi və s. kimi bir çox maneələr var. Mədəniyyət baxımından bir-iki nüansa toxunmaq istərdim. Mən hesab edirəm ki, bizim Azərbaycandan gələn insanlar, mədəniyyət baxımından inteqrasiya etməkdə çətinlik çəkirlər. Bu da bəzən təhsillə bağlı olur, bəzən yaşadığı mühitlə, ya da çox zaman bir mühitdən başqa, yeni bir mühitə düşməklə bağlı olur. Hər insanın öz mədəni bazası olur. Yeni bir ölkəyə gələndə də inteqrasiya etmək çətin olur. Mən özüm bura ilk dəfə gələndə başqa bir insan idim, burada yaşayıb təhsil alandan sonra başqa bir insan oldum. Şəxsiyyətimin formalaşmasında həm təhsilimin, həm də burada yaşayıb bu mədəniyyətdə təcrübə etməyimin mühüm rolu oldu. Mənim fikrimcə, Britaniyaya gəlib inteqrasiya etmək üçün insanlarımız həm burada yaşamalı, həm də təhsil almalıdır. Təhsil çox önəmlidir, mən təhsilə çox üstünlük verirəm. Əfsuslar olsun ki, bütün gənclərimiz təhsil istiqamətində davam etmirlər. Çox yaxşı olardi ki, onlar daha çox təhsilə üstünlük versinlər. Onlar daha çox maariflənsələr fikirləşirəm ki, inteqrasiya daha asan olar. Burada bir məsələni vurğulamaq istəyirəm. İnteqrasiya o demək deyil ki, bizdə nə varsa unudub buradakını qəbul edək, İngiltərənin bütün sistemini, əxlaq normalarını qəbul edək. Elə şeylər var ki, ölkəmizdə çox gözəldir. Elə şeylər də var ki, burada çox gözəldir. Bunların iksinin də ən gözəl amillərini seçib götürmək lazımdır. Azərbaycanın çox gözəl əxlaq normaları, çox gözəl şeyləri var və bunları biz təbliğ etməliyik. Mən hesab edirəm ki, bunun özü inteqrasiyanın ən əsas amillərindən biridir. Biz inteqrasiya özümüz istədiyimiz qədər oluruq. Yəni həm bizi qəbul eləsinlər, həm də biz onları qəbul edək.


Xəbərə aid fotolar