ABŞ Konqresində 20 yanvar faciəsi yad olunub


Digərləri 25 Yan 2019 08:34:00 318 0

ABŞ Konqresində 20 yanvar faciəsi yad olunub

23 yanvar 2019-cu il tarixində, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen (Demokrat) və ABŞ Konqresinin Xarici Məsələlər Komitəsinin üzvü Stiv Şabot (Respublikaçı - Ohayo) tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanat verilib.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində bəyanat verən Konqresmen Stiv Kohen ilk öncə Azərbaycan tarixində ən faciəvi hadisələrdən olan "Qara Yanvar" qırğınının 29-cu ildönümünün yad edilməsi məqsədilə bəyanat verdiyini diqqətə çatdırır.

Son.az xəbər verir ki, bəyanatda bildirilir ki, 20 yanvar gecəsi təqribən 26 minlik sovet ordusu tank və zirehli texnika ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum edib. Həmin gecə, Sovet hərbçiləri məsum Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla dinc nümayiş iştirakçılarını fərq qoymadan atəşə tutub. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb.

Konqresmen Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinadən vurğulayır ki, Bakıya hücum zamanı ən mənfur insan hüquqları pozuntularına tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və hətta xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Hesabatda, Sovet ordusu tərəfindən törədilmiş zorakılığın kollektiv cəza üsulu olduğu və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirildiyi Konqresin diqqətinə çatdırılır. Konqresmen Kohen Azərbaycanın müstəqilliyi uğrunda öz həyatlarını qurban verən şəxslərin ailələri ilə öz dualarını və kədərli düşüncələrini bölüşdüyünü bəyanatda xüsusi vurğulayır.

ABŞ və Azərbaycanın strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik olduqları konqresmen tərəfindən bildirilir. Azərbaycanın ABŞ təhlükəsizliyinə verdiyi töhfə alqışlanır. Sonda konqresmen Kohen Azərbaycanın azad bazar iqtisadiyyatı və demokratiya istiqamətində verdiyi qurbanların nəzərə alınmasının önəmli olduğunu vurğulayıb.

Konqresin digər üzvü Stiv Şabot da bəyanatında ilk öncə 29 il əvvəl Sovet qəddarlığı nəticəsində qətlə yetirilmiş insanları xatırlayıb və Azərbaycanın bu tarixi və faciəvi gününü yad edib.


Xəbərə aid fotolar