KİVlərin xəbər terroru


Digərləri 24 Yan 2019 23:50:00 269 0

KİVlərin xəbər terroru

İnsanın naümid olması şeytanın (lən) əl-qolunun açıldığı bir müstəvidir. Allahın Rəsulu (s) da belә buyurub: "Allahın rəhmətinə ümidli olan kafir, Allahın rəhmətindən ümidsiz olan abiddən Allahın rəhmətinə daha yaxındır".

Son.az deyerler.org-a istinadən bildirir ki, naümid insan bir çox mövzuda şeytanın diktəsi ilə hərəkət edir. Məhz bu səbəbdən Rəbbimiz naümidliyi bir çox günahdan daha artıq asi olmaq kimi qəbul edir. İmam Əli (ə) buyurur: "Ümidsizlik - ən böyük bəladır". Ölkəni intihar bəlası öz ağuşuna alması səbəblərinin ilk yerlərində - məhz ümidsilik dayanır.

Bu gün KİV-lərdə və sosial şəbəkələrdə qabardılan xəbərlərin əsas ana xətti - dünyada baş verən cinayətlər, ağır qəzalar, fəlakətlər və bu istiqamətdə digər kataklizmlərdir. Sanki dünyada insanları sabaha ümidli edən heç bir hadisə baş vermir. Nisbətən pozitiv yüklü xəbərlər də o qədər az olur ki, əks istiqamətli xəbərlərin arasında itib-batır.

Diqqət etsək, müəyyən istiqamətdə işlərin görülməsi üçün insanlara ruhlandırıcı mövzular təlqin edilir. Onlara bu sahədə sıfırdan öz karyerasını quran insanları misal çəkirlər. Özünə inamı olmayan, ümidsizlik astanasında olan insanlara müxtəlif ruhlandırıcı nümunələr gətirməklə, onları irəliyə doğru addım atmağa həvəsləndirirlər. Aparılan treninqlərdə, bu istiqamətlərdə uğur əldə edən insanların hansı durumdan hansı yüksək zirvələrə gəldiyi yollar izah edilir. Bu da insanlarda çox ciddi ruh yüksəkliyi yaradır.