“İyunda razılaşma imzalayacaq, bir neçə rayonu qaytaracaq...”


Digərləri 24 Yan 2019 19:37:00 215 0

“İyunda razılaşma imzalayacaq, bir neçə rayonu qaytaracaq...”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda Dünya İqtisadi Forumunun kuluarlarında keçirilmiş qeyri-formal görüşdən sonra Yerevanda dərhal Paşinyana hücumlar başlayıb. Keçmiş hakimiyyətin adamları və onlara bağlı KİV-lər Paşinyanı qapalı danışıqlar aparmaqda və "torpaqları qaytarmağa yönəlmiş" qəsddə günahlandırmağa başlayıblar.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki. bu təzyiqlərdən sonra Nikol Paşinyan Davos görüşü haqda daha ətraflı danışmalı olub. Bildirib ki, Azərbaycan prezidenti ilə münaqişənin nizamlanmasına dair hansısa konkret plan üzərində danışıqlar aparmayıb. Sadəcə olaraq fikir mübadiləsi ediblər, danışıqlar prosesinin tarixçəsinə nəzər salıblar. Nə vaxt hansı məsələnin müzakirə olunduğunu müzakirə ediblər, vəssalam.

Hərçənd erməni mətbuatında və ekspert çevrələrində, habelə Serj Sərkisyanın Respublika partiyasında Paşinyana yenə inanmayıblar. İddia ediblər ki, əgər xarici işlər nazirləri vaxtaşırı görüşüb saatlarla danışıqlar aparırsa və indi də Paşinyan Azərbaycan prezidenti ilə görüşürsə deməli bu müzakirələrin nəsə gizli gündəmi var. Habelə Paşinyanı ittiham edirlər ki, o hakimiyyətə gələndən dərhal sonra qarabağlı olmadığı üçün Azərbaycanla Dağlıq Qarabağın taleyi ilə bağlı danışıqlar aparmayacağını, ancaq Ermənistanın adından danışa biləcəyini deyib. Bildirib ki, Azərbaycan danışıqları Dağlıq Qarabağın özü ilə aparmalıdır. İndi isə Paşinyan Dağlıq Qarabağın danışıqlar prosesinə qaytarılması üçün heç nə etməyib və özü danışıqlara başlayıb.

Bunlar erməni ekspert çevrələrində və KİV-lərində Paşinyana qarşı qınaqların ümumiləşmiş formasıdır. Habelə erməni KİV-lərində və siyasi çevrələrində hesab edirlər ki, Paşinyanın "torpaqları qaytarmağa" hazırlaşmasının əlamətlərindən biri də Azərbaycanın son vaxtlar Qarabağ məsələsində ritorikanı dəyişib daha yumşaq mövqedən çıxış etməsidir.  Erməni KİV-ləri üçün yazan və çıxış edən rusiyalı politoloq Stanislav Tarasov isə daha da uzağa gedərək iddia edib ki, bu ilin iyun ayında Paşinyanla Əliyev Qarabağa dair razılaşma imzalayacaq və həmin razılaşma əsasında Ermənistan bir neçə rayonu qaytarmalı olacaq.

"Detalların müzakirə edilmədiyini iddia etsələr də biz uşaq deyilik və gözəl başa düşürük ki, əgər konkret söhbət predmeti yoxdursa o zaman saatlarla danışmaq mümkün deyil. Son aylar gedən bu proses, saatlarla davam edən danışıqlar göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə ətrafında "alver" var, o danışıqlar masası üzərindədir"-Tarasov "168 jam" qəzetinə müsahibəsində deyib.