Məhkəmə qərar verdi: Jurnalistin atasını öldürən şəxs 141 min manat ödəməlidir


Kriminal 24 Yan 2019 18:37:00 452 0

Məhkəmə qərar verdi: Jurnalistin atasını öldürən şəxs 141 min manat ödəməlidir

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılıb.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini istəyib.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Abil Bayramov çıxışında ümumilikdə 166 min 531 manatlıq mülki iddianın tam təmin edilməsini istəyib: "Mülki iddiamızın əsaslılığını sübuta yetirən kifayət qədər dəlil-sübutu məhkəməyə təqdim etmişik. Ona görə də, mülki iddiamız tam əsaslıdır. Təmin olunmasını xahiş edirik".

İmdad Əlizadə vəkili ilə razı olduğunu və dəyən maddi zərərə görə 151 min 531 manat və mənəvi zərərə görə 15 min manatın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini istəyib.

Seymur Qarayevin vəkili Mirzəmməd Rəhimov isə mülki iddianı qəbul etmədiklərini bildirib.

Təqsirləndirilən şəxs son sözündə yalnız dəfn xərclərini ödəməyə hazır olduğunu deyib.

Məhkəmə İmdad Əlizadənin şikayətini qismən təmin edib. Qərara əsasən, təqsirləndirilən Seymur Qarayevdən ümumilikdə 141 min 931 manat tutularaq mülki iddiaçı İmdad Əlizadəyə ödənilməlidir.