Unudulmayan tarix mövcud təhdidlər


Digərləri 24 Yan 2019 18:07:00 238 0

Unudulmayan tarix  mövcud təhdidlər

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun məqaləsini təqdim edir:

Müstəqil Azərbaycan və dövlət idarəçiliyi

Ölkədə ictimai-siyasi sabitləşmə dövrü başladı və dünya miqyaslı neft layihələrinin icrası prosesinə start verildi. Bu uğurlu inkişaf bu gün də davam etməkdədir. Fəqət tarixin əsas xüsusiyyətlərindən biri də təkrarlanmağa meyil göstərməsindədir. Təcrübə və daxili hissiyyata söykənərək əminliklə demək olar ki, həmin dövrdə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması məqsədilə oynanan çirkin və məkrli oyunların bənzərini bəzi dairələr bu gün yenidən təkrarlamağa çalışır. Heydər Əliyevi uzaqlaşdırmaqla Azərbaycanı gücsüz vəziyyətə gətirənlər eyni ssenari əsasında bu gün Azərbaycan Prezidentinə qarşı şüuraltı təxribat hazırlamaq istəyirlər. Bu qüvvələr yaxşı bilir ki, Azərbaycan dövlətinin inkişaf və tərəqqisinin başlıca qarantı cənab Prezident İlham Əliyevdir. Məhz buna görə də əsas hədəf dövlət rəhbəridir.

Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu prosesin yaxınlaşması görünməkdədir. Artıq Ermənistandakı gərginlik dalğası genişlənməkdə və iqtisadi vəziyyət zəifləməkdədir. Azərbaycanda isə beynəlxalq iqtisadi layihələrin reallaşması və idarəetmə sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Belə bir vəziyyətdə zamanın Azərbaycanın xeyrinə işləməsi və beynəlxalq nüfuzunun güclənməsi, eləcə də ictimai-siyasi sabitlik fonunda əhalinin rifah halının yaxşılaşması Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni lobbisini və ölkədə hakimiyyət iddiasında olan siyasi müxalifətin ümidlərini puça çıxarmaqdadır. Ötən əsrin sonlarında erməni lobbisi SSRİ vasitəsilə həyata keçirdiyi siyasəti hazırda Qərb dairələri vasitəsilə icra etməyə çalışır. Burada da erməni lobbisi ilə bəzi Qərb dairələrinin maraqları üst-üstə düşməkdədir. Gəlin etiraf edək ki, Azərbaycan beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşir. Bu baxımdan ölkəmizə yönəlmiş təzyiq və hücumları əsasən belə izah etmək olar. Birinci əsas məsələ Azərbaycanın müstəqil və cəsarətli siyasəti ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycanın müstəqil siyasəti ona geniş manevr imkanları və proseslərə nəzarət şəraiti yaradır. Ancaq Qərbin bəzi daiərələri, eləcə də ermənipərəst "konyak diplomatiyası"nın nümayəndələri müstəqil siyasət yürüdən Azərbaycan yerinə idarə olunan, onların maraqlarına xidmət edən Azərbaycan istəyirlər. Burada xüsusilə ölkəmizin yeraltı və yerüstü sərvətlərindən daha çox mənfəət əldə etmək niyyəti gizlənir. İkincisi, ölkəmizin ərazisindən qonşu dövlətlərə qarşı istifadə etmək imkanlarının yaradılması ilə əlaqədardır. Belə cəhdlər çox olub, bu gün də var. Bu niyyət isə ancaq zəif Azərbaycan mühitində mümkün ola bilər. Azərbaycan dövləti isə heç vaxt öz ərazisindən qonşularına qarşı təhdid vasitəsi kimi istifadə olunmasına imkan verməyib və verməyəcəkdir. Üçüncüsü isə, Azərbaycanın güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkə olmasıdır. Qərbin bəzi dairələri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən alət kimi istifadə edirlər. Azərbaycanın humanist və sülhsevər siyasəti isə onların maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Azərbaycan bir çox hallarda müxtəlif səpkili təzyiqlərlə üzləşir. Ermənipərəst Qərb dairələrinin təşviqi ilə bəzən Azərbaycanda baş verən hər hansı xırda məsələ şişirdildiyi halda, Ermənistandakı çoxsaylı qanun pozuntularına göz yumulur. Bununla belə, sadalanan niyyətlər ölkəmizin milli təhülkəsizliyi üçün kifayət qədər ciddi təhdidlərdir.

Demokratiya, yoxsa xəyanətkar dağıdıcılıq?!