Ötən il Bakıda 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib


Digərləri 24 Yan 2019 17:47:00 246 0

Ötən il Bakıda 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Son.az bildirir ki, Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Nəzərə çatdırılıb ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, mütəmadi olaraq Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 15 745 müraciət daxil olub, həmin müraciətlərdən 4105-i həll edilib, o cümlədən 1404 müraciət təmin edilib. 2018-ci il ərzində 5866 vətəndaş qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar hər bir rayon prokurorunun diqqətinə çatdırılıb. Eyni zamanda qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində olan nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Həmçinin istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları təhlil edilərək onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.


Xəbərə aid fotolar