Emil Balayev Qazaxıstan klubundan təklif aldı


İdman 24 Yan 2019 17:45:00 336 0

Emil Balayev Qazaxıstan klubundan təklif aldı

"Səbail" futbol komandasının qapıçısı Emil Balayev Qazaxıstan "Tobol"undan ciddi təklif alıb. 

Goal.az xəbər verir ki, bu barədə "Report"a Bakı klubunun icraçı direktoru Ramin Həsənov məlumat verib. O bildirib ki, hazırda 25 yaşlı qapıçının transferi istiqamətində "Tobol"la danışıqlar aparılır. Klub rəsmisi azərbaycanlı qolkiperin Qazaxıstan təmsilçisində oynamaq istədiyini bildirib: "Biz onu burada məcburən saxlamaq istəmirik. Xaricdə oynamaq yəqin ki, bir çox futbolçunun arzusudur. Hazırda onun transferi gündəmdədir".

Həsənov bu transferin reallaşacağı təqdirdə, komandaya yeni qapıçı gətirməli olduqlarını bildirib: "Hazırda axtarışdayıq və məşqçilər baxırlar. Konkret heç nə yoxdur. Çünki hələ Balayevin keçidində də heç bir şey həll olunmayıb".

İcraçı direktor komandanın qapıçılar üzrə məşqçisi Fərhad Vəliyevin karyerasını bərpa etmə ehtimalını isə belə şərh edib: "Bu barədə birinci dəfə sizdən eşidirəm. Amma mümkün olmadığını da demək istəmirəm. Hər şey ola bilər (gülür). Fərhad Vəliyev 6 aydır ki, məşq eləmir".

Balayevin sabah Bakıya qayıdaraq Qazaxıstana yola düşmə ehtimalından da söz açan direktor bunun baş tutmaya biləcəyini də vurğulayıb. Həsənov qolkiperin keçidi üçün hər hansı bir məbləğin təsdiqlənmədiyini deyib: "Bu transferdə məbləğdən vacib olan məsələlər var. Hələ ki, maddi məsələlərin müzakirəsinə çatmamışıq. Əsas Emilin getmək istəməsidir. Biz də ona getməsi üçün köməklik göstərmək niyyətindəyik. Amma istəyirik ki, komandaya da ziyan dəyməsin. Çünki hazırda "Səbail"də qapıçı yoxdur".