Hadi Rəcəbli: "Facebookda biri bir söz ortaya atır, aləmi qarışdırır"


Digərləri 24 Yan 2019 12:46:00 269 0

Hadi Rəcəbli: "Facebookda biri bir söz ortaya atır, aləmi qarışdırır"

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə ötən dövrdə, son payız sessiyası və ondan keçən müddətdə ən çox ünvanlanan müraciət ünvanlı sosial yardımla bağlı olub.

Son.az oxu.az-ın xəbərinə görə, bunu adıçəkilən komitənin sədri Hadi Rəcəbli komitənin MM-in qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı yanvarın 24-də keçirilən ilk iclasında deyib.

O qeyd edib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib və onların qəbulu mümkünləşdirilib:

"Bizə edilən müraciətlərin ən çoxu ünvanlı sosial yardımla bağlıdır. İnsanlar onların da ünvanlı sosial yardımla təmin olunmasını istəyir. Qeyd edək ki, həmin insanların bəzilərinin müraciətləri aidiyyəti orqan tərəfindən müsbət cavablandırılıb. Amma nə edək ki, hamının müraciətini, arzusunu təmin mümkün olmur. Bu, heç də bizdən asılı olan məsələ deyil".

Komitə sədri onlara ünvanlanan müraciətlər arasında əlilliklə, səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib:

"Komitəmiz bu çağırışdan səhiyyə məsələləri ilə məşğul olmasa da, yenə də insanlar bizə üz tutur. Çünki bizim komitəyə etimad böyükdür".

Adıçəkilən komitənin üzvü Musa Quliyev də, ünvanlı sosial yardım məsələsinə toxunaraq, bunun müvəqqəti bir layihə kimi nəzərdə tutulduğunu xatırladıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı hamının istəyini reallaşdırmaq mümkün deyil.

Millət vəkili komitənin bir sıra məsələlərlə, o cümlədən, özünüməşğulluq məsələsi ilə bağlı dinləmələr keçirməsinin vacibliyini dilə gətirib. Bu təklif komitə sədri tərəfindən də dəstəklənib.

Komitə sədri bildirib ki, dinləmələr təklifi və praktikası məhz onlar tərəfindən gəlib:

"Bu məsələni ilk dəfə biz qaldırmış, təklif etmiş və ötən müddətlərdə onun reallaşdırılmasına nail olmuşuq. Odur ki, bu sessiyada dinləmələr keçirilə bilər. Bu məsələdə Musa müəllimin təklifini dəstəkləyirəm".