Villası müsadirə olunan deputat telefonları qapadıb


Digərləri 24 Yan 2019 11:52:03 227 0

Villası müsadirə olunan deputat telefonları qapadıb

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıının "Yapı Kredi Bank Azərbaycan" QSC-yə borcu müqabilində girov qoyduğu  villasının bir müddət əvvəl əlindən alındığı barədə xəbərlər yayılıb.

Son.az bildirir ki, modern.az saytının əməkdaşı sözügedən iddialarla bağlı mövqe öyrənmək üçün Xanhüseyn Kazımlının mobil telefonuna bir neçə gün ərzində dəfələrlə zəng etsə də, deputatın telefonu bağlı olub.

Qeyd edilir ki, 26 fevral 2014-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC ilə üçüncü şəxs "Aqroflora" MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə deputatın özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank "Aqroflora" MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı "kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh "Aqroflora" MMC-nin iddiaçı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000 manat olmaqla "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən hərraca çıxarılıb.