Millət vəkili: Avropa təşkilatları Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün addımlar atmır


Digərləri 24 Yan 2019 11:12:00 188 0

Millət vəkili: Avropa təşkilatları Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün addımlar atmır

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistanın işğalı nəticəsində əlil olan minlərlə azərbaycanlıdan danışıb və Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini dayandımaq üçün addımlar atmamaqda ittiham edib.

Bakı. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da “İşəgötürmədə ayrıseçkilik”, “Əlilliyi olan inkluziv işçi qüvvəsi üçün” adlı qətnamə layihələrinin müzakirəsi zamanı çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində əlil olan minlərlə azərbaycanlıdan danışıb. Trend-in məlumatına görə, millət vəkili Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün addımlar atmamaqda ittiham edib:"Əlilliyi olan şəxslərin təhsili, onların işlə təminatı istiqamətində bütün üzv ölkələr çalışmaları daha da artırmalıdır. İlk öncə, əlilliyi olan şəxslərin təhsili, onların hər hansı bir peşəni yüksək səviyyədə öyrənməsinə dəstək proqramları gücləndirilməlidir. Bu onların işlə təminatını asanlaşdıran başlıca faktorlardan biridir. Bu mövzular Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərin təhsili, işlə təminatı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökumət səviyyəsində ciddi addımlar atılır". Q.Paşayeva qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin sayının artmasında Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində minlərlə insanın öz sağlamlığını itirməsi böyük rol oynayıb: "On minlərlə insan bir neçə il ərzində öz sağlamlığını itirərək əlilə çevrilib. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər həyata keçirilib. Belə ki, dövlət və özəl sektor olmasından asılı olmayaraq, hər 25 işçidən birinin əlil olması, əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı qanunlarda öz əksini tapıb, işəgötürənlərin üzərinə ciddi məsuliyyət qoyulub. İşçilərin sayı və ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisə və təşkilatda əmək şikəstliyi almış və peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ var. Məşğulluq haqqında qanun və proqramlarda da əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlilə dövlət tərəfindən pulsuz mənzil verilir". Millət vəkilinin sözlərinə görə, məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır: "Biz bunu dəstəkləyirik. Doğurdan da əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maddi dəstəyi artırılmalıdır. Mənim ölkəm Azərbaycan məruzədə qeyd olunan bu məsələyə xüsusi diqqət yetirir. İlk öncə əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda, əlillərin yaratdığı təşkilatların və əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə hər il əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin