Peyvənd "tənbəlliyi" dünyada sağlamlığa ən böyük risklərdən biridir


Digərləri 23 Yan 2019 23:07:00 226 0

Peyvənd "tənbəlliyi" dünyada sağlamlığa ən böyük risklərdən biridir

Dünya Səhiyyə Təşkilatı (DST) əhalinin peyvənd "tənbəlliyi"nin müasir dövrdə səhiyyə qurumları qarşısında duran ən böyük problemlər sırasında olduğunu bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilat bəşəriyyətin tibb sahəsində əldə etdiyi ən böyük uğurlar sırasına daxil olan peyvəndlərdən boyun qaçırmanın hazırda sağlamlıq üçün ən böyük risklər sırasına daxil edib. Təşkilatın məlumatına görə, peyvəndlə qarşısı alınması mümkün olan bir çox xəstəliklər onun əleyhdarlarının apardığı kampaniyalar nəticəsində yenidən yayıla bilər. Bu isə öz növbəsində onilliklər boyu bir sıra xəstəliklərə qarşı mübarizədə əldə edilmiş uğurların üstündən xətt çəkmiş olar. Ona görə də beynəlxalq təşkilat əhalinin peyvəndə hazırlığını və bu istiqamətdə maarifləndirilməsini yaxın illərin əsas hədəfləri olduğunu elan edib.

Hər il peyvəndlərdən istifadə edilməsi sayəsində 2-3 milyon ölüm halının qarşısı alınsa da, bəzi xəstəliklərə məhəl qoymayan insanlar onların daha geniş yayılmasına şərait yaradırlar. Belə ki, 2017-ci ildə dünyada qızılca xəstəliyinə tutulma hallarının sayı əvvəlki illə müqayisədə 30 faiz yüksəlib. Peyvənd əleyhdarları, həmçinin Avropada da bu istiqamətdə böyük "zəhmət" çəkiblər. Avropa ölkələrində 2016-cı ildə qızılcaya yoluxanların rəsmi sayı 5273 nəfər olubsa, 2017-ci ildə bu göstərici 23 min 927 nəfərə yüksəlib.