Almaniyanın Hərbi Dəniz Donanması Liviya sahillərində fəaliyyətini azaldır


Dünya 23 Yan 2019 21:51:00 307 0

Almaniyanın Hərbi Dəniz Donanması Liviya sahillərində fəaliyyətini azaldır

Almaniya Müdafiə Nazirliyi yeni gəmilərini Avropa İttifaqı tərəfindən Aralıq dənizində keçirilən "Sophia" hərbi-dəniz əməliyyatında iştirak etmək üçün göndərməyəcək. Xatırladaq ki, "Sophia" missiyası çərçivəsində Avropa İttifaqı ölkələrinin hərbi-dəniz qüvvələrinin gəmiləri Liviya sahillərindəki beynəlxalq sularda humanitar aksiyalar keçirirlər. Dənizçilər insan və silah qaçaqmalçılığına qarşı mübarizə aparır, Liviyanın sahil mühafizəsinin əməkdaşlarına təlim keçir və qaçqınları dənizdə xilas edirlər. Üç il ərzində 50 minə yaxın insan xilas edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Auqsburq" hərbi gəmisi Liviya sahillərində yalnız fevralın əvvəlinədək qalacaq. "Auqsburq"u əvəz etməli olacaq "Berlin" kompleks təchizat gəmisi hələ ki, göndərilməyib. Bununla yanaşı, Müdafiə Nazirliyi qeyd edib ki, zərurət yarandığı təqdirdə "Berlin" iki həftə ərzində Liviya sahillərinə çata bilər.