İki nəfərin ölümündə təqsirləndirilən polis: Məndən 200 min manat istədilər


Kriminal 23 Yan 2019 21:12:00 429 0

İki nəfərin ölümündə təqsirləndirilən polis: Məndən 200 min manat istədilər

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə proses başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

X.Məmmədov özünü təqsirli bilməyib və bildirib ki, hadisə vaxtı sürət həddini aşmayıb: "Yolla gedirdim, qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. Maşını saxlamaq imkanım yox idi. Maşın dərəyə düşdü və yanmağa başladı. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".

X.Məmmədov deyib ki, ona qarşı irəli sürülən ittihamlar qondarmadır: "Polisdə dedilər ki, sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək. Dedim günahsızam, sürət həddi 60-70 olub. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdu, yalançı şahidlər də tapmaq olar. Məndən 200 min manat istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?".

Təqsirləndirilən şəxs deyib ki, nümunəvi polis olub: "Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, nazir məni Polis Akademiyasında oxumağa göndərib".