"AzerTelecom" Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir


Digərləri 23 Yan 2019 18:31:00 196 0

"AzerTelecom" Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir

Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir.

Bakı. Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir. "AzerTelecom"dan Trend-ə verilən məlumata görə, son 25 il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq regionun enerji və nəqliyyat mərkəzinə çevrilmiş Azərbaycan da artıq 4-cü sənaye inqilabının astanasındadır və iqtisadiyyatın rəqəmsallaşması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra edilir. Hazırda Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə şirkəti olan AzerTelecom Azərbaycanın regionun “Rəqəmsal Məkəz”inə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb. Azerbaijan Digital Hub proqramının əsas hədəfləri “Azerbaijan Digital Hub” proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin İnternetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır. “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Ölkəmizin regionda İnternetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlər ilə yanaşı Bakının da əlavə olunması deməkdir. Bu proqram həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə də şərait yaradacaq.