2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verdi


Kriminal 23 Yan 2019 18:27:00 427 0

2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

O, sərbəst ifadəsində deyib ki, hadisə zamanı avtomobili idarə edərkən sürət həddini aşmayıb: "Nə də ki, qəzadan sonra oradan qaçmamışam".

X.Məmmədov hadisə haqqında danışarkən həmin günü işdən çıxıb, evə getdiyini qeyd edib: "Yolda qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və maşınımı vurdu. Öz maşınımı saxlamaq imkanım yox idi, məni yolumdan vurub çıxardı. Sonra avtomobilim dərəyə düşdü. Bu zaman avtomobilim yanırdı, içərisindən özümü güclə çıxardım, dərhal da təcili tibbi yardıma zəng elədim. Digər maşında olan rəhmətliklərin meyitlərini çıxardım. Sonra polisə zəng elədim və hadisə barədə məlumat verdim. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".