Bu il Azərbaycanda 100 milyon dollarlıq 4 gəmi və neft tankerinin təhvil verilməsi planlaşdırılır


Digərləri 23 Yan 2019 16:24:00 264 0

Bu il Azərbaycanda 100 milyon dollarlıq 4 gəmi və neft tankerinin təhvil verilməsi planlaşdırılır

Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün dəyəri 82 mln. dollar təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln.dollar təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib.

İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb.

Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - "SOCAR karbamid" zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb.

Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir.

Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln. manat investisiya yatırılacaq və 20-ə yaxın iş yeri yaradılacaq.

2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və "Open End" üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub.

Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcəkdir. Müəssisədə 50 yeni iş yeri açılacaq.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.

2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.

Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 mln. manat özəl investisiya yatırılacaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.

Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcəkdir.

5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam edir və 2019-cu ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.