"Demokratik şüur"un yuxusu: Washington Post yenə Bakıya qarşı "xəstə"lənib


Siyasət 23 Yan 2019 16:19:00 267 0

"Demokratik şüur"un yuxusu: Washington Post yenə Bakıya qarşı "xəstə"lənib

İlk baxışdan düşünmək olar ki, feodalizm uzaq keçmişin, özü də çox uzaq, aqressiv, kobud və xurafatlı orta əsrlərin qalığıdır. Amma bəzən olur ki, köhnəlik yeni görkəmdə, özü də qəfil və eybəcər halda dönür.

Feodalizmlə də belə olur - o, qayıtdı. Qayıdır yox, qayıtmağa çalışır yox, məhz qayıtdı. İllər, qərinələr əvvəl.

Qlobal, qəddar, həyasız siyasi neofeodalizm formasında.

Baxın, ABŞ bir dünya hegemonu kimi vassallarına iqtisadi və siyasi səciyyəli fərqli hüquqlar paylayan ən yüksək səviyyəli süzeren rolunu oynamağa çalışır.

Məsələn, Almaniya və Fransa amerikalıların Avropadakı müti vassallarıdır. Onlara Avropa Birliyini idarə etmək, AB ölkələrini avrozona və Avropa Parlamenti vasitəsilə ikinci səviyyəli müti vasallara döndərmək hüququ verilib.

ABŞ-da bəzi media strukturları isə özlərini bütün bəşəriyyətin taleyini bəlirləyən, xüsusilə də "qızıl milyard" sayılmayan və ABŞ-a "biət" etmiş ölkələrdə yaşamayan insanlara insan haqları və vətəndaş azadlıqları ilə bağlı söz oyunbazlığından yararlanaraq necə yaşamağı diqtə edir. Onlar "ali iradə"nin tam yerinə yetirilməsini "dikbaş" dövlətlərdən tələb edirlər.

Məsələn, belə media strukturlarından olan The Washington Post yəqinləyib ki, o da Bakıdan nəyisə və necəsə tələb edə bilər, ölkəmiz qarşısında şərt qoya bilər, bizi bəşər xəlq olunandan bəri törədilən bütün günahlarda suçlaya bilər.

Sən demə, biz hələ də Potomak çayının sahillərindəki "müdrik"lərin "ağıllı" məsləhətlərinə qulaq asmırıq.

Bu arada onu da xatırladım ki, ənənəvi savaşı həmişə informasiya müharibəsi müşayiət edir ki, onun da çərçivəsində ictimai fikrin "emal" olunması üçün xüsusi informasiya texnologiyalarından istifadə olunur.

Həm ölkə daxilində, həm ölkədən xaricdə.

Səd heyif ki, The Washington Post yaxınmüddətli qələbəyə ümid edərək Azərbaycana qarşı həyasız informasiya savaşı aparır.

Belələrini pərişan etməliyik. Unudulmuş və canlı ölüyə dönmüş "müxalifət lider"lərinin hamilərinin planları baş tutmayacaq.

Necə ki, Azərbaycana kobud təzyiq göstərmək, pressinqə əl atmaq cəhdləri indiyədək həmişə uğursuzluqla bitib.

The Washington Postda "Azərbaycandakı 128 nəfəri unutma" başlıqla məqalə dərc olunub. Şübhələnməyin ki, həmin məqalədə Azərbaycandakı "siyasi məhbus"dan, o cümlədən bloqer Mehman Hüseynovdan və onun "aclıq aksiya"sından bəhs olunub.

Olmayan aclıq

Təbii, məhbusun aclıq aksiyası populyar etiraz formalarından biridir. Hüquqları, başqasının hüququ, azadlığı, sülh və s.-lə bağlı aclıq edənlər barədə məlumatlar yetərincədir.

Belə mübarizənin effektivliyi hakimiyyətin sivillik səviyyəsindən asılıdır. Bir qayda olaraq bu metoddan o məhbus istifadə edir ki, azadlıqda olan insanlardan fərqli olaraq məhbusun hətta öz taleyinə təsir etmək imkanları yoxdur. O da imkanı çatan yeganə qeyri-zorakı vasitədən - həyatına təhdiddən istifadə edir.

Hakimiyyət sivildirsə, bunu ciddi problem kimi qəbul edir.

Azərbaycanda indiyədək çoxları aclıq aksiyasından hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edib. Bu, belədir. Amma iş ondadır ki, 28 yaşlı bloqer Mehman Hüseynov klassik, ənənəvi aclıq aksiyası keçirməyib. Baxmayaraq ki, onun qardaşı Emin Hüseynov sosial şəbəkələrdə mərsiyəxanlıq edərək Mehmanın az qala ölüm ayağında olduğunu deyir, buna əvvəlcə "hami"lərini, sonra da bizi inandırmağa çalışır.

Emin Hüseynov bahəm, Avropanın müxtəlif ölkələrinə sığışıb "söyüş drandulet"lərinə çevrilən "müstəqil bloqer"lər və "siyasətçi"lər, habelə ABŞ-da sürəkli canlı yayıma çıxanlar fasiləsiz olaraq təkrarlayırdılar ki, qoymayın, Mehman aclıq aksiyası keçirir, yoqurt yeyib süd içir və bu, "aclıq aksiyasının formalarından biridir".

Halbuki istənilən aclıq aksiyası tipik manipulyasiyadır. İnsan səhhətinə ölümü ilə sonuclana biləcək zərər vurur və bunda başqasını suçlayaraq onda günah, təəssüf hissləri yaratmağa çalışır. "Etiraz edirəm və özümü öldürməyə başlayıram", "Ölürəm, çünki haqsızsınız" və sairə. Yəni söhbət məsuliyyətin bölüşməsindən gedir: nəyə adamın özü cavabdehdir, nəyə görə onun ətrafı məsuliyyət daşıyır.

İnsan "qurban" rolunda qalmamalı, o obrazdan nə zamansa çıxmalıdır. Amma "qurban"ın günah yükləməyə çalışdığı insanlar da özlərini suçlu hesab etmək istəmədiklərindən aclıq aksiyasına başlayan kəs dərk etməlidir ki, kobudluq mizanını pozur və özünə qarşı yeni münasibətə rəvac verir. "Qurban" rolunda olmaq ağırdır, amma bütün ömrünü "mübariz" təki yaşamaq ondan da pisdir. Bu, reallığın saxtalaşdırılmasıdır.

İnsanın çox rolu var və kimsə yaşamını "ya mübariz, ya qurban" qəlibinə salmamalıdır.

Hüquqların istənilən, xüsusən də uzunmüddətli "müdafiəsi"ndə belə təhlükə çox böyük...

Taleyə siyahı atanlar

Birləşmiş ştatlardakı oxlokratiya və plutokratiyanın ruporlarından olan The Washington Post yazır ki, sən demə, Azərbaycanda "128 siyasi məhbus" var.

Redaksiya məqaləsinin müəllifləri "Meydan TV" və "Siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup" kimi "mötəbər" mənbələrə istinad edirlər.

Şübhəli istinad vəsilələridir.

Əvvəla, "İşçi qrup" çoxdan bəri obyektivlik qaydalarını pozan, "siyasi məhbuslar"ın sayı məsələsində "rəqib" hesab etdiyi qruplap və təşkilatlarla amansız mübarizə aparan, üstəlik siyahını sürətlə dəyişən bir strukturdur.

Məsələn, bu təşkilatın siyahısında eyni adam gah bloqer, ya ictimai fəal, gah AXCP üzvü, gah Müsavat mənsubu, gah da "dini fəaliyyətinə görə tutulmuş şəxs" olur.

İş bəzən məzhəkəyə çevrilir: məsələtün, aşkar ateist kimi tanınan adam həmin siyahılardan birində "Nardaran işi ilə bağlı tutulmuş dindar fəal" kimi təqdim olunur.

Ümumiyyətlə, bu "siyasi məhbus" məsələsinin artıq suyu çıxıb: kimlərin "siyasi məhbus" sayılması və onların sayı ilə bağlı didişmələr səngimək bilmir.

The Washington Post-un "128 siyasi məhbus" iddiasını ortaya ataraq şübhəli mənbələrə istinad etməsinə gəldikdə isə, xatırladım ki, elə həmin "İşçi qrup" ötən ilin dekabrında 142 nəfərlik siyahı açıqlamışdı.

Bir ay keçdi, siyahıda adı çəkilən məhbuslardan kimsə azadlığa çıxmadı - amma siyahıdakı "siyasi məhbuslar"ın sayı 14 nəfər azaldı.

Üstəlik, əlavə 3 "alternativ" siyahı da var ki, onlarda 83, 193 və hətta 375 nəfərin adı çəkilir.

Rəqəmlərdəki fərqləri nəzərə alsaq, efemer "siyasi məhbuslar"la bağlı adi oyun göz qabağındadır. Məqsəd rəsmi Bakıya primitiv təzyiq cəhdi ilə yanaşı, "Azərbaycanda insan hüquqlarının monitorinqi" pərdəsi altında qrant həzmidir.

Yankilər çirkdən qorxmur?

Bəs ABŞ-ın özündə vəziyyət necədir? Axı The Washington Post artıq neçənci dəfədir ki, Bakını nələrdəsə ittiham edir, iradlarını bildirir.

Maraqlı və qəribədir ki, beynəlxalq hüquq-müdafiə təşkilatlarından, qruplarından və hərəkatlarından heç birinin (!) hesabatında Birləşmiş Ştatlarda hansısa müxalifətçinin, ictimai fəalın həbsi barədə bir kəlmə də yazılmayıb.

Yəni ABŞ-da belə adamlar yoxdur?

Var, özü də az deyil.

Quantanamo həbsxanasında saxlananları nəzərə almasaq ABŞ-dakı siyasi məhbusların sayı təxminən 100 nəfərdir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən "National Jericho Movement" hüquq-müdafiə qrupunun hesabatlarına görə, hazırda ölkədə ən azı 56 siyasi məhbus var. Həmin adamların tam əksəriyyəti etnik və milli azlıqların mənsublarıdır. Afroamerikalıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurum ABŞ-da 83 siyasi məhbusun olduğunu deyir. "Alliance for Global Justice" təşkilatı isə ölkədə siyasi motivlərlə 66 nəfərin cəza çəkdiyini vurğulayır.

Bu rəqəmlərə Quantamamoda heç bir ittiham irəli sürülmədən illərdən bəri cəza çəkənlər daxil deyil.

O adamların ad və soyadlarına Washington Post səhifələrində, habelə psevdosiyasi qüvvələrin ruporu olan "Meydan TV"də rast gələ bilməzsiniz.

Onların adları "Amnesty International" və "Human Rights Watch"ın hesabatlarında da yox.

Fəqət 120 məhbus hələ də Kubadakı Quantanamo həbsxanasındadır. Onların heç birinin məhkəməsi olmayıb.

Bu adamlar terrorçudur, yoxsa siyasi məhbus? Onlara ABŞ-ın mövcud qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülməyibsə, çətin sualdır.

Beləliklə, demokratik Birləşmiş Ştatlarda minimum 200 siyasi məhbusun olduğunu demək olar.

Və say son deyil.

Vəziyyət o qədər absurddur ki, soyuqqanlılığı ilə ad çıxarmış Çin XİN-in rəsmi nümayəndəsi Hua Çunyin Qərbi, xüsusilə də ABŞ-ı "insan haqları adı ilə başqa ölkələrin daxili işlərinə müdaxilədən əl çəkməyə" çağırıb.

Mehman Hüseynovun okeanın o tayından belə biabırçı "hamilik" cəhdlərinə ehtiyacı yoxdur.

Ona qarşı cinayət işinə xitam verilib və gənc bloqer martda azadlığa çıxacaq.

Elçin Alıoğlu Son.az