Təyyarədə yoxa çıxan Salanın son səsyazması yayıldı


İdman 23 Yan 2019 09:55:00 215 0

Təyyarədə yoxa çıxan Salanın son səsyazması yayıldı

Cardiff City klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Goal.az xəbər verir ki, Fransanın Nantes klubundan Cardiff City-yə keçən 29 yaşlı hücumçu yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə İngiltərəyə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib.

Təyyarə hava limanına gəlməyincə, onun axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunub. Normand adaları yaxınlığında aparılan axtarışlar nəticəsiz qalıb. Axtarışları həyata keçirən Qernzi adasının polis idarəsi açıqlama yayıb:

"15 saatlıq axtarışlar nəticəsində suyun üzərində bəzi maddələr aşkarlandı. Axtarış və xilasetmə əməliyyatları günəş batdığı üçün dayandırılıb. Mövcud planımız sabah günəş doğanda axtarışlara davam etməkdir. Bu axşam başqa yenilik olmayacaq. Əgər onlar da suya eniblərsə, indiki ehtimala görə, təəssüflər olsun ki, həyatda sağ qalma şansları çox azdır".

Argentina mətbuatı Emiliano Salanın dostlarına göndərdiyi son səsyazmanı yayımlayıb: "Təyyarə parçalara ayrılmaq üzrədir. Məndən 1,5 saat ərzində xəbər almasanız, səbəbini bilirsiniz".

Qeyd edək ki, daha öncə Cardiff City-nin argentinalı futbolçudan ötrü klub üçün rekord sayılan 15 milyon funt sterlinq ödədiyi bildirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanılıb.