Allaha təvəkkül etmək necə olur?


Digərləri 22 Yan 2019 22:40:00 282 0

Allaha təvəkkül etmək necə olur?

İslam dinində bəndə ilə Allah arasında olan xüsusi rabitələrdən biri də təvəkkül yolu ilə həyata keçər. O bəndə ki, Allaha təvəkkül edər, Ondan başqasından əlini üzərsə deməli, insanlığın dəyərlərini dərk etmiş və Allahını lazımi qədər tanımış deməkdir.

Kimlər Allaha təvəkkül edərlər?

1. O kəslər ki, zatən ehtiyaclı və zəif olduqlarını dərk ediblər. Dərk ediblər ki, zatən nə qədər aciz və zəlildirlər, nə qədər Allaha möhtacdırlar. "Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun)sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)". ("Fatir" 15).

2. Allahın Qadir olduğunu dərk edənlər. Son.az deyerler.org-a istinadən bildirir ki, bəndə o zaman ki, əlini Allaha tərəf açar və başqalarının yardımına söykənməz - o zaman Allah ona yardım edər. Bəndə dərk edər ki, məhz təvəkkül vasitəsilə Allaha söykənə bilər və Ondan yardım ala bilər. Çünki Allah hər şeyə və hər bir halda Qadirdir. Ona görə də həyatının hər bir sahəsində Ona etimad edər və ancaq Ondan istəyər."Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir". ("Ənam" 17).

3. Allahın hər şeydən agah olduğuna yəqini olanlar. "Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir". ("Ğafir" 44).

4. Allah dünyada baş verən hər bir hadisənin səbəbkarıdır. "De: "Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar"". ("Əhzab" 17).