Dünya Turizm Təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb FOTO


Digərləri 22 Yan 2019 21:48:00 250 0

Dünya Turizm Təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb  FOTO

İspaniyanın paytaxtı Madriddə turizm sahəsində ən iri tədbirlərdən biri olan "FITUR 2019" 39-cu ənənəvi Beynəlxalq Turizm Yarmarkası işə başlayıb. Bu turizm sənayesi yarmarkası Latın Amerikası bazarına ən vacib çıxış sayılır və istehlak tələbatındakı dəyişikliklərin və turizm biznesinin irəlilədilməsi imkanlarının nəzərə alınması yolu ilə gələcək strategiyalarının işlənib hazırlanması üçün qlobal platforma rolu oynayır.

Azərbaycanı beynəlxalq sərgidə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "FITUR 2019" çərçivəsində yanvarın 22-də Madriddə DTT-nin qərargahında qurumun İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi haqqında Saziş imzalayıblar.

Görüşdə Azərbaycanın İspaniya Krallığındakı səfiri və Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edib.

Fuad Nağıyev görüşdə bildirib ki, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan ilə DTT arasında çoxtərəfli əməkdaşlığın inkişafı işində böyük əhəmiyyət daşıyacaq. Dünyanın 40-dan çox ölkəsinin rəsmi nümayəndələri və başqa qonaqlar ölkəmizin turizm potensialı və mədəniyyət-sağlamlıq imkanları ilə bilavasitə tanış olmaq imkanı əldə edəcəklər.

DTT-nin baş katibi Zurab Pololikaşvili əmin olduğunu bildirib ki, Azərbaycan DTT İcraiyyə Şurasının 110-cu sessiyasını yüksək səviyyədə keçirəcək. Sessiyanın təşkili işinə uğurlar arzu edən Z.Pololikaşvili vurğulayıb ki, başçılıq etdiyi qurum Azərbaycanda turizmin inkişafına hər cür dəstək göstərməyə hazırdır.

Fuad Nağıyev "Azərbaycan - yenidən fərqli baxışla bax" yeni turizm brendinin şüarına müvafiq olaraq ölkəmizin zəngin tarixi, mədəniyyəti, milli mətbəxi, azərbaycanlıların səmimiyyəti və qonaqpərvərliyi tanış olmaları üçün həmkarlarını ölkəmizə dəvət edib.


Xəbərə aid fotolar