Söyüş söymək heç bir halda olmaz.


Digərləri 22 Yan 2019 21:40:00 350 0

Söyüş söymək heç bir halda olmaz.

Qurani-Kərimdə lənət sözü təxminən 40 dəfə, söyüş sözü isə 2 dəfə işlənmişdir. Quranda buyurulur: "Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər". ("Ənam" 108).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayədə Allah buyurur ki, bütpərəstlərin bütlərini söyməyin ki, onlar da sizin Allahınızı söyərlər. Allah Təala buyurur ki, əlbəttə, onların müqəddəs hesab etdikləri heç də bəyənilən deyildir. Ancaq buna baxmayaraq, əgər siz onların müqəddəs hesab etdiklərinə pis söz desəniz, onlar da əvəzində sizin Allahınıza pis söz deyəcəklər.

Qurani-Kərimdə bəzən söyüş söymək yerinə bənzətmələrdən istifadə edilir: "Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir)". ("Əraf" 176).

"Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri)neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər". ("Cümə" 5).

Quran söyüş söyməklə bağlı başqa bir ayədə buyurur: "Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir". ("Nisa" 148).

Mərhum Şeyx Ənsari buyurur: "Dinin əsli - möminə ehtiramdır. O mövzular ki, yəqin olaraq isbat olmamışdır, bu ehtiramdan heç kəsi istisna etmək olmaz. O kəsdən başqa ki, aşkar şəkildə qeybət edər, söyüş söyər və bidət edər".

Bəs lənət nədir?

Quranın nəzərinə görə, lənət heç də söyüş kimi məzəmmət olmamışdır. Düzgün və yerində olarsa, insan lənət vasitəsilə haqqı batildən ayırar, lənət ibrətə səbəb olar və zalımla mübarizə etməyin yollarından biridir.

"Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!". ("Məsəd" 1).

Qurani-Kərim Həzrət İbrahimin (ə) dilindən buyurur: "Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: "Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram"". ("Zuxruf" 26).

"Ölüm olsun o "xəndək" sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!". ("Buruc" 4).