Berlin universitetində 20 Yanvar faciəsi anılıb (FOTO)


Digərləri 22 Yan 2019 20:46:00 215 0

Berlin universitetində 20 Yanvar faciəsi anılıb (FOTO)

Humboldt Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bakı. Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prof. E.M.Aux 1990-cı ildə Sovet rəhbərliyinin göndərdiyi hərbi birləşmələr tərəfindən Bakıda mülki əhalinin qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, keçmiş SSRİ-nin bir sıra ölkələrində keçirilən dinc etirazların boğulması zamanı mülki əhaliyə qarşı zorakılıq tətbiq olunub. Amma Sovet hakimiyyətinin 20 Yanvar hadisələri zamanı Bakıda törətdiyi hərbi cinayətlər cəlb edilmiş hərbi qüvvələrin miqyasına və qətl edilmiş dinc insanların sayına görə digərləri ilə müqayisə olunmaz dərəcədə ağır idi. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək 20 Yanvar hadisələri ərəfəsində Azərbaycanda baş verən proseslərdən söz açaraq, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin buna göz yummasından hiddətlənən Azərbaycan xalqının Bakının küçələrinə və meydanlarına çıxaraq öz etiraz səsini ucaltmasına qarşı Sovet ordusunun döyüş hissələrinin ölkəmizə yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını diqqətə çatdırıb. O, Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini, Sovet ordusunun qəddarlığı önündə şücaət və məğrurluq nümayiş etdirən Azərbaycan xalqının çox keçmədən müstəqilliyini bərpa etdiyini vurğulayıb. Səfir 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskva şəhərində sərt bəyanat verdiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini bildirib. O, yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra “20 Yanvar” hadisələrinə hüquqi qiymət verildiyini və Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarına əsasən bu hadisələrin hərbi təcavüz və cinayət kimi dəyərləndirildiyini nəzərə çatdırıb.