Bank kartlarından pullar necə oğurlanır?


Digərləri 22 Yan 2019 20:07:00 242 0

Bank kartlarından pullar necə oğurlanır?

Azərbaycan bankları informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqlarını nə qədər gizlətsə də, vətəndaşların internet üzərindən bank kartlarındakı pullarının oğurlanması barədə şikayətləri bu problemin mövcudluğuna dəlalət edir.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a "Axoft" şirkətinin Azərbaycan nümayəndəliyinin IT təhlükəsizlik üzrə direktoru Aleksandr Tvaradze ölkəmizin vətəndaşlarının pul vəsaitlərinin oğurlanması və kiberhücumlar barədə artan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, kiberhücumlar yolu ilə oğurluqların miqdarı artacaq.

Tvaradzenin sözlərini cinayətlərin statistikası da təsdiq edir. Xəzər rayonu 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr-noyabr aylarında Səfa İsgəndərov, Sultan Əliyev və Sevinc Əliyevanın hesablarından pul oğurlamış Səddam Nəzərlini saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Saxlanılan şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu qurumda müvafiq oğurluq faktlarına dair cinayət işi açılıb. Məlumdur ki, paytaxtın Nəsimi rayonunda 38 yaşlı Emil Məcidov kibercinayətkarlığın qurbanı olub. Zərərçəkmiş 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, telefonuna kartından 202 manat çıxılması barədə məlumat gəlib.

Yanvarın əvvəlində Rəhimə Dadaşovanın hesabından 5405 manat yoxa çıxıb. Bununla bağlı Yasamal rayonu 28-ci polis bölməsinin əməkdaşları istintaq tədbirlərinə başlayıblar və tezliklə oğurluqda şübhəli bilinən Kürdəmir sakini Ramil Rüstəmov saxlanılıb.

Məlum olub ki, Rüstəmov Dadaşovanın kredit kartının məlumatlarının surətini çıxararaq pulları oğurlayıb. Kartların müəyyən məlumatlarını biləndə onlardan internet şəbəkəsində istifadə etmək və ya kartın dublikatını çıxarmaq olar. Bütün dünyada fırıldaqçılar bu işlə məşğuldurlar. Ona görə də banklar tərəfindən şübhəli əməliyyatların monitorinqi çox vacibdir.

Nərimanov rayonunda pul oğurluğu ilə 59 yaşlı Həbibə Dadaşova rastlaşıb. Onun kartından naməlum şəraitdə 444 manat çıxarılıb. Nəsimi rayonunda Adilə Cavadovanın kartından 260 manat oğurlanıb. 25 yaşlı Bakı sakini Rövşən Nadirovun kartından 394 manat çıxarılıb. Bütün bu cinayətlər son günlər baş verib. Zərərçəkmişlər ölkənin aparıcı banklarının müştəriləridir.

"Diqqət yetirin, polisə şikayətlə yalnız vətəndaşlar müraciət edir. Bank üçün vətəndaşa dəyən zərəri ödəyərək işi bağlamaq daha asandır. Banklar təşkilatın imici barədə daha çox düşünərək yalnız iri və səs-küylü oğurluqlar zamanı şikayətçi qismində çıxış ediblər. Onlar çatışmazlıqlar barədə heç kimin bilməməsi üçün susmağa üstünlük verirlər. Ən yaxşı halda oğru saxlanılacaq. Lakin bank tərəfindən müdafiə sisteminin gücləndirilməsinə yönəlik sonrakı addımlar olmayacaq" - ekspert deyib.

"Çünki təhlükəsizlik sistemindəki nöqsanı düzəltmək üçün sistemə, onun seçilməsi və tətbiq olunmasına görə cavabdeh olan bütün insanlar çağırılacaq, onlar da öz növbəsində sistemin istehsalçısına təzyiq göstərməlidirlər. Bu, kimin nəyinə lazımdır? Heç kimin. Çünki bu problemi həll etməkdən ötrü böyük xərclər lazımdır, bütün banklar isə qənaət etməyə çalışır" - Tvaradze əlavə edib.

Onun sözlərinə görə, bank sektoru üçün IT və maliyyə təhlükəsizliyi sahələrində vəziyyətin gündəlik monitorinqi xidmətinin mövcudluğu artıq çoxdandır ki, standart xarakteri daşıyır: "Lakin Azərbaycan banklarında onlayn monitorinq mövcud deyil. Security Operation Center (SOC) zəruridir. O, ya bankın özündə olmalı, ya da 24 saat monitorinq üzrə xidmət göstərən hansısa əcnəbi şirkətlə razılaşma olmalıdır".