Mikayıl Cabbarov: “İkili mühasibatlıq ciddi çətinliklər yaradır”


Digərləri 22 Yan 2019 17:44:00 259 0

Mikayıl Cabbarov: “İkili mühasibatlıq ciddi çətinliklər yaradır”

Vergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Son.az xəbər verir ki, report-un Nazirliyin Media və kommunikasiya mərkəzindən əldə etdiyi məlumata görə, görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericilikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verərək bildirib ki, Vergilər Nazirliyi vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir. O, "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, "ikili" hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb. Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.

Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, "kölgə iqtisadiyyatı"nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.

Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq edilcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.

Vergilər naziri vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.