“Şahdağ” kurortuna dəmir yolu çəkilişi üçün layihə sənədləri hazırlanır


Digərləri 22 Yan 2019 16:54:00 269 0

“Şahdağ” kurortuna dəmir yolu çəkilişi üçün layihə sənədləri hazırlanır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.

Kollegiya iclasında qeyd edilib ki, 2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace-2" ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2300 km magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ" kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Kollegiya iclasında İqtisadiyyat Nazirliyi tərəfindən bu vəzifələrin icrası istiqamətində görüləcək işlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - "SOCAR karbamid" zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb.

Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir.

Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln. manat investisiya yatırılacaq və 20-ə yaxın iş yeri yaradılacaq.

2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və "Open End" üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün dəyəri 82 mln. ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.

Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcəkdir. Müəssisədə 50 yeni iş yeri açılacaq.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.

2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.

Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 mln. manat özəl investisiya yatırılacaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.

Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcəkdir.

5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi yekunlaşıb və 2019-cu ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazimi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və s. təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib.

2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.

2018-ci ildə ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb. Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alinib.

Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər,islahatlar davam etdirilib.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən il martında "Lisenziyalar və icazələr" portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

2018-ci ildə "Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41%-i kənd təsərrüfatı, 59%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Ötən 2018-ci ildə isə, sahibkarlara investisiya dəyəri 801 mln. manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.