Koreyanın səfiri ADU-da olub (FOTO)


Digərləri 22 Yan 2019 14:07:00 266 0

Koreyanın səfiri ADU-da olub (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüşüb. ADU-dan Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetdə 20-ə yaxın dil və mədəniyyət mərkəzinin mövcudluğundan danışan K.Abdulla Koreya mərkəzinin fəaliyyətindən söz açıb. Rektor K.Abdulla 54 tələbənin Koreya dilini öyrəndiklərini və bu sayın getdikcə daha da artacağını bildirib. Tələbələr arasında Koreya dilini, mədəniyyətini, tarixini öyrənməyə çox böyük potensial, istək və həvəs olduğunu deyən rektor Koreyada da Azərbaycan dilinə eyni münasibətin göstəriləcəyinə ümid etdiyini bildirib. Koreya Mədəniyyət Mərkəzinin Azərbaycan Dillər Universitetinin nəzdində təsis edilməsindən 25 il keçdiyni deyən K.Abdulla bu ildönümünün Ural-Altay nəzəriyyəsinin banilərinə həsr olunmuş tədbir şəklində qeyd olunmasının əhəmiyyətindən danışıb. Akademik K.Abdulla səfirlik və universitet arasındakı qədim tarixə malik əlaqələrin daha da genişlənəcəyi və birgə uğurların davamlı olacağına inamını ifadə edib. Akademik Koreyanın universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasının əlaqələr çərçivəsində məqsədlərə doğru daha inamla irəliləməyə vasitə olacağını qeyd edib.