Macarıstanlılarla ilk, xarici klublarla 20-ci duel


İdman 22 Yan 2019 13:11:00 281 0

Macarıstanlılarla ilk, xarici klublarla 20-ci duel

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün Bakı vaxtı ilə 16:00-da hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Goal.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar Macarıstanın “Paksi” klubu ilə üz-üzə gələcək.

Bu, təmsilçimizin adıçəkilən ölkə klubları ilə ilk dueli olacaq. “Zirə” indiyədək Macarıstan klubları ilə nə rəsmi, nə də yoxlama oyunlarında görüşüb.

Türkiyədəki toplanışlar çərçivəsində ümumilikdə 20, xarici klublarla 19 dəfə üz-üzə gələn paytaxt təmsilçisi indiyədək 10 ölkədən olan komanda ilə yoxlama oyunu keçirib. Macarıstan bu siyahıda 11-ci ölkə olacaq. Bunadək “Zirə” Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə hazırlıq matçına çıxıb.

“Paksi” ilə qarşılaşma Türkiyədə keçirilən 20-ci beynəlxalq yoldaşlıq görüşüdür. Əvvəlki 19 matçda 8 qələbə qazanan “Zirə” 4 heç-heçə edib və 7 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən zirəlilər 18 top buraxıb.

1952-ci ildə yaradılan “Paksi”nin ölkə çempionatında ən yaxşı nəticəsi 2010/11 mövsümündə qazanılan gümüş medaldır. Həmin mövsüm komanda Macarıstan Liqa kubokunun qalibi olub. 2009/10 mövsümündə isə bu yarışın final oyununda uduzub. Ötən mövsüm çempionatı 7-ci pillədə başa vuran Paksi şəhərinin eyniadlı təmsilçisi cari birincilikdə qış fasiləsinə 8-ci pillədə yollanıb.

Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Voluntari”yə 1:0 hesabı ilə qalib gəlib.