Dünyada informasiya texnologiyaları xərclərinə görə lider


Digərləri 21 Yan 2019 22:46:00 237 0

Dünyada informasiya texnologiyaları xərclərinə görə lider

Ötən il şirkətlər arasında informasiya texnologiyalarına daha çox investisiya "Amazon" şirkəti tərəfindən yatırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Amazon" şirkətinin 2018-ci ildə informasiya texnologiyaları avadanlığı, proqram təminatı, informasiya texnologiyaları və telekommunikasiya servisləri, eləcə də informasiya texnologiyaları işçi heyəti üçün ümumi xərcləri 13,6 milyard dolları ötüb. Bu xərclərə görə ikinci yeri "Google" şirkətinin əsasında yaradılan "Alphabet" holdinqi tutub. Holdinq təxminən 12 milyard dollar sərf edib ki, bu da onun yaxın izləyicisi - dünyanın nəhəng pərakəndə satış şəbəkəsi "Walmart"dan xeyli çoxdur.

"Amazon"un informasiya texnologiyaları büdcəsinə görə liderliyi "bulud" biznesinin inkişafı üçün fəaliyyət göstərən Data mərkəzlərinin genişləndirilməsinə və yenilərinin inşasına investisiya qoyuluşu ilə əlaqədardır.

"IDC" şirkətinin analitiki Devid Lantsman qeyd edib ki, Data mərkəzləri üçün server və digər infrastruktura informasiya texnologiyaları xərclərinin böyük hissəsi "Amazon" və "Google" şirkətlərinin payına düşür. Bu isə onların biznes sahəsinə informasiya texnologiyaları büdcəsini azaltmağa kömək edən "bulud" servisləri satması ilə izah olunur.