Sabiq bankir 15 milyon manatlıq mənimsəmə işində dindiridi


Digərləri 21 Yan 2019 19:44:00 319 0

Sabiq bankir 15 milyon manatlıq mənimsəmə işində dindiridi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Allahverdiyev sərbəst ifadə verib.

O bildirib ki, uzun müddət Rusiyada yaşayıb, orada bizneslə məşğul olub.

R.Allahverdiyev qeyd edib ki, 2012-ci ildən "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından onun şirkətinə 30 milyondan çox kredit ayrılıb: "Həmin vaxt tikinti materialları almaq üçün bankdan kredit götürdüm. Əmlaklarımı da banka girov qoydum. Hər ay da krediti vaxtında ödəyirdim. 2015-ci ildə bankdan mənə dedilər ki, Azərbaycanda bankda vəziyyət qarışıb və krediti təcili ödəməliyəm. Mən də məhkəmə yolu ilə əmlaklarımı banka girov qoydum".

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, tikinti işləri ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından başqa, Rusiya və Latviya banklarından da kredit götürüb: "Həmin banklara da başqa əmlaklarımı girov qoymuşam, hazırda işlər davam edir və kreditimi də ödəyirəm".

R.Allahverdiyev adının dəyişdirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, adını Beynəlxalq Bankın Moskva filialından kredit götürməmişdən əvvəl dəyişdirib: "Atamın adını soyadıma əlavə etmişəm. Bu ad çox yumşaq səslənirdi. Ona görəndə soyadmı dəyişdirdim. Rusiya vətəndaşlığını da çoxdan qəbul etmişəm".

Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialının sabiq rəhbəri Fuad Abdullayev dindirilib.

O, 2010-2015-ci illərdə bankın Moskva filialınında çalışdığını deyib.

F.Abdullayev söyləyib ki, onun işlədiyi dövrdə R.Allahverdiyev bankdan girovla kredit götürüb: "Həmin zaman Rauf müəllim "Mişkovski"nin tikintisi üçün bankdan kredit götürdü. Müqaviləyə əsasən, o, əgər krediti ödəyə bilməsə,  "Mişkovski" ya icarəyə veriləcəkdi, ya da satılacaqdı".