Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub


Digərləri 21 Yan 2019 15:01:00 313 0

Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə mediatur təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə mediatur təşkil olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, KİV nümayəndələri və təhsil ekspertləri Aİİ-nin rektoru Ceyhun Məmmədovla görüşüblər. Qonaqlara mediaturda iştirak etdikləri üçün təşəkkürünü bildirən rektor onlara Aİİ-nin tədris prosesi, beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media nümayəndələri ilə institut arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb. Ceyhun Məmmədov bildirib ki, imtahanlar həm yazılı, həm də şifahi formada aparılır. İnstitutda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılaraq müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apellyasiya komissiyası yaradılıb. Rektor istər tədris, istərsə də imtahan prosesində tələbələrin problemlərini birbaşa və ya sosial şəbəkələr vasitəsilə dinlədiyini, təklif və şikayətlərə əsasən dərhal qərarlar qəbul etdiyini və tələbələrin haqlı mövqelərinin müdafiə olunduğunu deyib. Daha sonra media nümayəndələri auditoriyalarda imtahan prosesini izləyiblər. Media nümayəndələri və təhsil ekspertlərinə imtahan prosesi barədə məlumat verilib, onların sualları cavablandırılıb.