2019cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək


Digərləri 21 Yan 2019 12:02:00 619 0

2019cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır. "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.