Şpaqaçımız Bəhreyndə Dünya Kuboku mərhələsində gümüş medal qazanıb (FOTO)


Digərləri 21 Yan 2019 09:25:54 602 0

Şpaqaçımız Bəhreyndə Dünya Kuboku mərhələsində gümüş medal qazanıb (FOTO)

Şpaqaçımız Ruslan Həsənovun Bəhreyndə keçirilən gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb

Bakı. Kişi şpaqaçılarımız Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyevdən ibarət yığma komandamız Bəhreynin paytaxtı Manama şəhərində keçirilən gənclərin Dünya Kuboku mərhələsində iştirak edib. Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-off-a yüksəlib. 1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 hesabı ilə məğlub edən Ruslan, 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov, finalda Çex Respublikası təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq, Əbdülkərim Alotaibi (15:7) və Hüseyn Altavelə (15:9) qalib gələn Barat Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya 10:15 hesabı ilə uduzub.