Ölkəmizin ən məşhur meşə zolağı sayılan Qəçrəşin füsunkar qış mənzərələri FOTOREPORTAJ


Digərləri 21 Yan 2019 05:30:00 1372 0

Ölkəmizin ən məşhur meşə zolağı sayılan Qəçrəşin füsunkar qış mənzərələri  FOTOREPORTAJ

Son illər istirahət üçün Qəçrəş meşəsini seçənlərin arasında əcnəbi turistlərin sayı xeyli artıb

Qəçrəş kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Son illər dincəlmək üçün Qəçrəş meşəsini seçənlərin arasında əcnəbi turistlərin sayı xeyli artıb.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Qəçrəşin qarlı mənzərəsini izləməyə gələn israilli turistlərlə görüşüb, onların Azərbaycan haqqında fikirlərini öyrənib.

Zoya Memrayev İsrailin mərkəzi şəhərlərindən biri olan Or-Akiva şəhərindən gəlib. Azərbaycanda sonuncu dəfə 40 il əvvəl olduğunu deyən qonaq bildirib: "Şəhərlər çox dəyişib, müasirləşib. Amma dəyişməyən bir şey var: insanların xoş rəftarı və mehriban münasibəti. Qubada hər tərəf ağ örpəyə bürünüb. Təmiz hava və gözəl mənzərə var. Qubadan sonra Bakıya gedəcəyik. Bu yerlər mənə çox doğmadır. Çünki özüm də əslən Dərbənd şəhərindənəm. Amma uzun illərdir İsraildə yaşayırıq".

Oleq Pisaxov isə Azərbaycanı yaxşı tanıdığından İsraildən gələn turistlərə bələdçilik edir. İndi İsraildə yaşasa da Qubada doğulub boya-başa çatıb. "Bura mənə çox doğma məkandır. Azərbaycana səyahət turları təşkil edirik. Hər ay Azərbaycana səfər edirik. Bu dəfə 30 nəfərlik qrupla gəlmişik. Turistlərin ən çox xoşuna gələn təbiət mənzərələridir. Bir həftəlik səfərimizdə Qubada, Şəkidə, Şamaxıda olmuşuq. Yay aylarında turlarımız on günlük olur", - deyə O.Pisaxov müsahibəsində bildirib.