Çöpçü uşağın ölümünə səbəb ola bilər –


Digərləri 20 Yan 2019 23:53:00 529 0

Çöpçü uşağın ölümünə səbəb ola bilər –

Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə danışan psixoloq Taryel Faziloğlu problemin kökündə 3 əsas meyarın olduğunu deyib.

"Birinci meyar mental psixologiyaya bağlıdır. Adət-ənənədə olan inancların özünüqoruma instinkti var. Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq kimidir. İkincisi, kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar. Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni təlqin edir, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır. Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır: insanlar türkəçarəyə daha çox meyillənirlər. Həm də bizim insanlar sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır", - psixoloq deyib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi maarifləndirmə işləri görülməlidir:

"Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur".