İbrətə layiq olanlar


Digərləri 20 Yan 2019 22:20:00 627 0

İbrətə layiq olanlar

Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl də bu ümumi qanundan istisna oluna bilməzdi. Üm-mül-Bənin kimi bir ananın qucağında tərbiyələnmək, Əmirəl-möminin (ə) kimi atadan əxlaqi, mənəvi sifətləri, xüsusiyyətləri öyrənəmək, İmam Həsən (ə), İmam Hüseyn (ə), Zeynəb (ə) və Ümmü Gülsüm kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl yox, Əbülfəzail (fəzilətlər, gözəlliklər atası) yaradır. Bu sifətlər, bu xüsusiyyətlərin bir hissəsi o Həzrətdə (ə) zatidir ki, dəyərli atasından irs aparmışdır.

Son.az ahlibeyt.ge-yə istinadən bildirir ki, Xarəzminin "Məqtəl"indən götürülmüş bir hədisdə oxuyuruq: "Uşaqlıq çağlarında bir dəfə Həzrət Əbülfəzl atası Əmirəl-mömininin yanında oturmuşdu. Həzrət Əbülfəzlin görkəminə tamaşa edərək onunla uşaq dili ilə danışmaq istədi və dedi : "Oğlum, de bir". Əbulfəzl dedi: "Bir". İmam buyurdu: "De, iki". Ərz etdi ki: "Atacan, bir dediyim dil ilə iki deməyə həya edirəm". Əmirəl-möminin öz azyaşlı övladından bu sözü eşitdikdə onu qucaqlayıb öpdü. Buyurdu ki, vahid və tək olmaq yalnız yerin-göyün yaradanına məxsusdur. Körpə vaxtı bu tərz-təfəkkürə malik olması bunu göstərir ki, Həzrətin belə mərifətə sahib olması sonradan öyrənməklə ələ gəlməmişdir. Bu, atasından qan vasitəsilə ona keçmiş zati xüsusiyyətdir.

Başqa bir mötəbər hədisdə deyilir:

Ümmül Bənin bir dəfə görür ki, Həzrət Əmirəl-möminin (ə) Həzrət Abbas (ə) qucağına götürüb, əllərini öpür və ağlayır. Bunu görən Ümmül Bənin pərişan olur. Çünki indiyə kimi belə bir şey olmamışdı. O, həzrətdən (ə) nə olmasını soruşduqda Əli (ə) cavab verdi ki: Bu iki əllər Aşura günü Kərbəlada Hüseynə (ə) kömək etməsi yolunda kəsiləcəkdir. Bu məsələni eşidəndə ananın ürək yandıran fəryadı göyə ucaldı...

Həzrət Abbas (ə) Kərbəladakı şücaətləri yaddaşlaradan silinməyən izlər qoyub. Kərbəlada döyüş meydanında mübarizə bayrağını çiyninə götürən axırıncı şəxs İmam Hüseyn (ə) qardaşı Abbas (ə) idi. O, ucaboylu göyçək bir kişi idi. Ata minəndə ayaqları yerə çatırdı. Həzrət Abbas (ə) uşaqların susuzluqdan etdikləri nalələri eşidəndə, yaralı bir aslan kimi irəli atıldı. Həzrətin qarşısında durub meydana getmək üçün izin istədi. Seyyidüşşühəda onun səadət bağına pərvaz etmək istədiyini görüncə izn verdi. Buyurdu ki: "sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçün bir az su tap".

Həzrət Abbas (ə) su məşkini əlinə aldı. Ata minib Fərata tərəf yola düşdü. Suyun yanındakı mühafizəçiləri dağıtdı. Suya qədəm qoydu. Suyun sərinliyini hiss etdi və ovcunu su doldurub içmək istəyəndə İmam Hüseyn (ə)-ın susuzluğunu yadına salıb ovcundakı suyu yerə tökdü. Səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bunu görən düşmən qoşunu ona hücum etdi. Gözlənilmədən həmlə edib ağanın sağ qolunu vurdular. Əbülfəzl (ə) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi. Bu təkrar döyüşdə pusquda dayanmış düşmən Əbülfəzl (ə) sol qolunu da qılıncla vurdu. Həzrət bayrağı və su məşkini sinəsinə yapışdırdı. Düşmən bu dəfə ona tərəf yağış kimi oxlar yağdırdı. Oxlar ağanın sinəsinə sancıldı. Bu vaxt bir ox su məşkinə, bir ox isə mübarək sinəsinə sancıldı... Sonra namərdlərdən biri həmlə edib əmudla onun mübarək başına vurdu. Beyin kisəsi dağılıb qana bulaşdı. Ağa at üstə dura bilməyib üzü üstə torpağa düşdü...

İmam Hüseyn (ə) bu halı görüb düşmən səflərini dağıdaraq özünü vəfalı qardaşına çatdırdı. Atdan yerə enib başını diz üstə aldı. - Abbas! Qardaş... aç gözlərini. Mənəm, Hüseynəm, gəlmişəm!..

Ağa zəif səslə dilləndi.

- Ya Hüseyn! Gözlərimi qan tutub səni görə bilmirəm. Gözlərimi sil ki, son dəfə baxa bilim. Sənin o ay camalını bir də görüm. Qollarım olsaydı, səni can kimi bağrıma basardım... Məni xeymələrə aparma, qardaş. Qoy burda qalım. Səkinəyə vədə vermişdim su gətirəcəyəm. Apara bilmədim. Su məşkim oxlandı. Su axdı, calandı. Yanında xəcalətəm!.. xırdaca qızların indi əlində cam su gözləyirlər. Xeymələrə getməyə üzüm yoxdu, qardaş!..