Deputat canlı yayımda karbamid yedi VİDEO


Digərləri 20 Yan 2019 20:38:00 628 0

Deputat canlı yayımda karbamid yedi  VİDEO

Gürcüstanın Acarıstan muxtar bölgəsinin Ali Sovetinin "Gürcü arzusu" hakim partiyasından deputatı Lado Mqaloblişvili canlı yayımda karbamid kimyəvi birləşməsini yeyib və bununla da onun təhlükəsizliyini sübut edib.

Karbamid, yaxud sidik cövhəri - azot tərkibli mineral gübrədir. Bu, qoxusu olmayan rəngsiz kristaldır. Karbamid ammonyakla karbon qazının sintezindən əldə edilir. Sidik cövhərindən yalnız gübrə kimi deyil, həm də bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə istifadə edilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki,  karbamidin daşınması üçün Batumi limanında mineral gübrələr terminalının tikintisi planlaşdırılır. Şəhərin bəzi sakinləri bu layihənin qəti əleyhinədirlər və onu "Batumiyə kimyəvi hücum" kimi qiymətləndirirlər. Onlar terminalın tikintisinin qadağan edilməsi tələbi ilə bir neçə piket də keçiriblər.

Mqaloblişvili etiraz edənlərə Acarıstan televiziyasının canlı efirində cavab verib. Telekanalın studiyasında aparıcı ilə yanaşı, aksiyaların təşkilatçılarından biri - Aleksandr Tevzadze də olub. Deputatın efirə canlı qoşulması vaxtı o, plastmas stəkan götürüb və stəkanın içərisindəki karbamidin bir hissəsini yeyib. Bu zaman Mqaloblişvili bildirib ki, etiraz aksiyaları "pulla tutulmuş adamlar" tərəfindən keçirilir və onları "Rusiya təbliğatının bir hissəsi" adlandırıb.

"Burada məndə sorma konfetlər var, onlar qatil adlandırırlar. Qonağınız (Aleksandr Tevzadze) bunları götürüb laboratoriyada yoxlaya bilər ki, doğrudan da karbamiddir, ya yox. Guya ki, bu sorma konfetlər insanları öldürür. Budur, lap gözünüzün qabağında...", - deyərək Mqalobişvili qranulaları yeyir. Kimyəvi maddəni udandan sonra deputat çıxışını davam etdirib. O, etiraz aksiyalarının iştirakçılarını yalan danışmaqda ittiham edib və deyib ki, aksiya iştirakçılarının iddiasına görə, yeni terminaldan başqa kimyəvi maddələrin də daşınması üçün istifadə olunacaq.