Hipertrixoz tüklənmə xəstəliyi


Digərləri 20 Yan 2019 19:55:00 639 0

Hipertrixoz tüklənmə xəstəliyi

İnsan bədənində əllərin içi və ayaqların altından başqa bütün dəri örtüyü xırda və yumşaq tüklərlə örtülü olur.

Bu örtük irsi atavizm sayılır. Yetkin insan bədənində 300-500 min tük follikulu var. Bunlardan bəzilərindən sərt və qalın tüklər inkişaf etdiyi halda, bəzilərindən gözlə görünməyən, incə və nazik tüklər əmələ gəlir. Tükləri açıq rəngli olanların dərisində daha çox, tünd rənglilərin dərisində isə daha az tük follikulu var, çünki tünd tüklər digərləri ilə müqayisədə daha sərtdir.

Son.az tibb.az-a istinadən bildirir ki, yetkin insan bədənində tüklərin inkişafı cinsi vəzlərin fəaliyyəti ilə birbaşa əlaqədardır. Tük follikullarının, yəni köklərinin fəaliyyətini kişi cinsi hormonu olan androgenlər təmin edir. Kişi cinsi hormonları tükün başda, üzdə və bədəndə inkişafını sürətləndirir. Qadın hormonları isə onların üzdə və bədəndə inkişafının qarşısını alır. Androgenlər qadınlarda az miqdarda yumurtalıqlarda və böyrəküstü vəzdə sintez edilir.

Hipertrixoz - tüklərin daha az piqmentasiyalı, yumşaq, nazik, zəif olduğu yerlərdə (üz, sinə nahiyəsi, ayaq və qollar) çoxalması, rənginin tündləşməsi və sərtləşməsi ilə xarakterizə olunan haldır. Lakin bu zaman yaş, cinsiyyət və etnik mənsubiyyət nəzərə alınmalıdır. Məsələn, yaşlı qadının üz və ayaqlarında tünd rəngli sərt tüklərin əmələ gəlməsi normal sayılsa da, 10 yaşlı qızda artıq patoloji vəziyyət hesab edilir. Yaxud Aralıq dənizi sahillərində yaşayan qadınların ayaqlarında tükün çox olması normal olduğu halda, Asiya qadınları üçün bu hal xarakterik deyil.

Hipertrixozun bir neçə növü var.

Heterogeniya zamanı qadınlarda və qızlarda qasıq nahiyəsində kişi tipli tüklənmə, saqqal və bığ inkişaf edir. Normal halda qasıq nahiyəsində tüklər kişilərdə romb şəklində, qadınlarda isə zirvəsi aşağı olan üçbucaq şəklində inkişaf edir. Heterogenik tüklənmə hormonal balansın ciddi dəyişikliyə məruz qaldığı cinsi yetişkənlik, hamiləlik və ya klimaks, yumurtalıqların polikistozu və qanda prolaktin hormonunun artıqlığı kimi hallarda baş verir. Normadan çox sintez edilən androgenlərin yatan tük follikularını qıcıqlandırması və onların fəaliyyətini artırması özünü tükün normada az və nazik olan yerlərdə çoxalması və sərtləşməsi ilə göstərir. Bəzən tük follikullarının androgenlərə qarşı həssaslığının artması nəticəsində az miqdarda olan kişi hormonları da tüklənməyə səbəb ola bilir. Androgenlərlə əlaqədar inkişaf edən tüklənməyə hirsutizm deyilir.

Heteroxroniya zamanı uşaq yaşlarında qasıq nahiyəsində tüklənmə, bığ, saqqal kimi ikincili cinsi əlamətlər inkişaf edir. Onu yumurtalıqlar, xayalar, böyrəküstü vəz, qalxanabənzər vəz, hipofiz kimi daxili sekresiya vəzlərinin anomal inkişafı nəticəsində müşahidə etmək olar.

Heterotipiya tük inkişafının bel və kürək kimi qeyri-adi yerlərdə artması ilə xarakterizə edilir və belə tüklənmə hissəvi və ya bütün bədənə yayılmış şəkildə ola bilər. Hipertrixozun səbəbləri olduqca müxtəlifdir.

Anadangəlmə yumşaq tüklü hipertrixoz zamanı rüşeym tükləri tökülmür, uzanaraq 10 sm və daha böyük ölçüyə çatır və hər hansı bir genetik sindromun əlaməti olaraq üzə çıxır.

Qazanılmış yumşaq tüklü hipertrixoz zamanı isə tüklərə başlanğıc verən tük follikullarından rüşeym tükləri əmələ gəlməyə başlaması bədxassəli prosesin xəbərçisi ola bilir və həmin xəstələrin 98 faizində bədxassəli şişlərə rast gəlinir. Bəzən həmin tipli tüklənmə şiş xəstəliyindən bir neçə il əvvəl müşahidə oluna bilər.

Dərman hipertrixozu kortikosteroid, siklosporin, streptomisin, pensillamin kimi bəzi preparatların qəbulundan sonra yaranır.

Simptomatik hipertrixoza porfiriya, bulloz epidermoliz, kəllə-beyin travmaları, fetal alkoqol sindromu, dermatomiozit, üzülmə və psixi anoreksiya zamanı rast gəlinir.

Tarvmatik hipertrixoz travma, çapıq, dərinin daim qıcıqlanan və təraş olunan nahiyələrində müşahidə oluna bilər.

Bəzən qadınların tüklərlə mübarizə üçün mütəmadi istifadə elədikləri bəzi vasitələr  - krem-depilyator, sap, mum və təraş müəyyən nahiyələrdə tüklərin daha çox sərtləşməsinə və çoxalmasına səbəb olaraq tüklənməni artıra bilər.