ADUda “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib FOTO


Digərləri 19 Yan 2019 22:11:00 642 0

ADUda “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib  FOTO

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının təşkilatçılığı ilə "20 Yanvar və Azərbaycanın istiqlalı" mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən Son.az-a bildirilib ki, tədbirdə ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar hadisələrinə dair çıxışının əks olunduğu sənədli film nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla Ümummilli Liderin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində söylədiyi fikirlərin SSRİ adlanan böyük imperiyanın rəhbərliyinə ünvanlanan etiraz və siyasi ittiham kimi səsləndiyini bildirib: "Təsəvvür edin ki, bu sözlər səslənən zaman Bakı küçələrində tanklar gedirdi. İnsanlar küçəyə çıxmağa ehtiyat edirdilər. Xalq artıq öz şəhidlərini vermişdi".

K.Abdulla şəhidlər arasında tələbəsi Ülvi Bünyadzadənin olduğunu da deyib: "Çox sadə, gülərüz, son dərəcə səmimi insan idi. Gözəl şeirlər yazırdı, mənim də yanıma gətirirdi, müzakirə edirdik. Ülvi kimilərin öz həyatlarını qurban verməsi bu xalqın böyüklüyünə, əzəmətinə dəlalət edir. Tarix bizə həm də onu öyrədir ki, bu torpaq uğrunda ölənlər olub və bu torpağı bundan sonra qorumaq bizim borcumuzdur".


Xəbərə aid fotolar