Azərbaycan kosmos tərəfindən qorunur” Amerikada çalışan


Digərləri 19 Yan 2019 21:54:00 642 0

Azərbaycan kosmos tərəfindən qorunur”  Amerikada çalışan

O, illərdir Azərbaycandan kənarda yaşayır. Öncə Türkiyəyə gedərək, İstanbulda özünün xüsusi bioenergetik müalicə ilə məşğul olan " İşıq adlı" mərkəzini açıb. Minlərlə insanı müalicə edib. Belə bir klinika Türkiyədə bir ilk olub. Daha sonra isə ailəsi ilə Amerikaya köçüb. İndi orada xəstələrlə reyki energetik seansları, bioenerji metodları ilə işləyir.

Söhbət Sevinc Kərimovadan gedir. O, 25 ildir, kosmik enerji metodu olan reyki ustalığı ilə ağır xəstəliklərin və depressiyada olan insanların müalicəsi ilə məşğul olur, nəticələri kliniki müayinələrlə sübut olunub.  

Hazırda S. Kərimova təcrübəsini seminarlarda digər insanlara da öyrədir, Bakıya ildə bir neçə dəfə gələrək, pasiyentlərini qəbul edir. 

Son.az xəbər verir ki, Medicina.az-ın əməkdaşı bu unikal metod ustası ilə Bakıda görüşüb və ondan müsahibə alıb. 

Onun Bakıda yaşayarkən keçdiyi həyat və fəaliyyətini oxuduqca, çoxlarınız bəlkə də tanıyacaq. Çünki Sevinc Kərimova məşhur "Karvan" qrupunun, "Bakı Payızı" müsabiqəsinin bədii rəhbəri, prodüseri, bir çox televiziya layihələrinin rejissoru, televiziya və musiqi aləmində kifayət qədər tanınmış insan olub. 

O vaxtlar onun ağlına belə gəlməzdi ki, nə vaxtsa hər şeyi buraxıb, bioenergetik olacaq...

-Sevinc xanım, insanlar xüsusi qabiliyyətli şəxslərə heç vaxt birmənalı yanaşmayıb: inananlar da var, inanmayanlar da. Necə oldu ki, özünüzdə bu gücü kəşf etdiniz? 

-Mən öz həyatını yaşayan, işi ilə məşğul olan adi bir qadın olmuşam. Özüm nə dinə, nə cinə, nə şeytana inanan biri idim. İncəsənətdə, şou-biznesdə, televiziya sahəsində idim. O vaxt şou-biznes ulduzlarının konsertlərini, kliplərini çəkirdik. Ölkədə və kənarda da məşhur olan "Karvan" pop-qrupunun yaradıcısı və bədii rəhbəri idim. Çox səs-küylü uğurlardan bir ara başım gicəllənmişdi. Məndə özündənrazılıq hissi, bir az qəddarlıq yaranmışdı. Ekstrasensləri, məsələn Kaşpirovskini, Tofiq Dadaşovu ciddi qəbul etmirdim, gülürdüm, hətta bir sənədli film ssenarisi yazmışdım ki, orada şarlatanları biabır edəcəkdim. Ona görə bütün Azərbaycanda olan ekstrasenslərin, vergisi olanların siyahısını tutdum.

Açığı, həmin illər sovet dağılmışdı, ölkədə vəziyyət gərgin idi, müharibə başlayırdı. "Karvan" qrupunun da konsertlərini təxirə salırdılar ki, şənlik olmaz. Buna görə bir qədər depressiyaya düşmüşdüm. 

Bir gün veriliş çəkilişi üçün yola çıxdıq, birdən qarnımdan sanki bıçaq sapladılar, elə dəhşətli ağrı qopdu ki, ikiqat oldum. Huşumu itirdim və bir də gözümü reanimasiyada açdım. Artıq əməliyyat olunmuşdum. Sən demə, öd kisəmdə nəhəng bir daş var imiş, daş öd kisəsini partladıb, qarın boşluğu bütün irin idi. Çox qan itirmişdim və həkimlər 10% yaşama şansımın olduğunu görüb, əməliyyat yerini elə tikmişdilər ki, sanki yorğan sırımışdılar. Eləcə Allaha ümid reanimasiyaya yerləşdirdilər: ya qalar, ölər. 

Düz 5 gün komada qaldım. Heç nə xatırlamırdım. Onu görürdüm ki, xəstəxana dəhlizlərində havadaca sanki uçuram. Çox yüngül idim. Mən dəhliz boyu uçub, bir şüşə stendin qarşısında dayandım, orada irili-xırdalı daşlar var idi, bir sarı daşın üstündə də mənim adım, soyadım yazılmışdı. Öz-özümə düşündüm ki, burada adım niyə yazılıb?

Sonra komadan ayılanda bu məqamı xatırladım. Elə bildim yuxu görmüşəm. Həkimlər komadan çıxdığımı görüb şoka düşdülər. Özümə gəldim, məni başqa binaya, palataya köçürdülər. Orada artıq dəhlizdə gəzəndə şüşə bir stellajda daşlar gördüm. Sən demə, cərrah ödlərdən çıxardığı daşları kolleksiya kimi yığırmış. Yumurta boyda daşın üzərinə də mənim adım yazılmışdı. O da məndən çıxarılan daş idi. Onda mən bir az qorxuya düşdüm. Deməli, mən buranı gəzirdim. 

Lakin ən qorxulusu irəlidə idi. Mən palatada insanların daxilindəki xəstəlikləri, problemləri görməyə başladım. 

Bir səhər 12 yaşlı bir qızı gətirdilər, ağrıları var idi. O vaxt da USM belə əlçatan deyildi. Ancaq ekstremal hallarda özəl olaraq istifadə olunurdu. Həkimlər qızın qarnını əllə yoxlayıb, dedilər, apendisitdir, əməliyyat edəcəyik. Qızın anası da orda idi. Mən gördüm ki, qızın ağrısı böyrəklərindəndir. Onda qum və duz var idi. Anasına dedim ki, əməliyyat lazım deyil, apendisiti boşuna çıxaracaqlar. Qadın qorxdu və həkimləri saxladı. Nədənsə mənə inandı, USM tələb etdi. Əlavə müayinələr göstərdi ki, həqiqətən qızda apendisit yox, böyrək problemi var. Əməliyyat təxirə salındı, qız salamat evə getdi. 

Bu barədə bütün xəstəxanaya xəbər yayıldı. Bir də gördüm palatanın qarşısında xəstələr və yaxınları növbədədir. Hamı məndən özü ilə bağlı diaqnoz almaq istəyirdi. Həkimlər tezbazar məni evə göndərdilər. Çünki başları dərddə idi. Diaqnozları səhv çıxırdı, əməliyyatlıq xəstələr əldən çıxa bilərdi. 

Evə gəldikdən sonra sanki cəhənnəmə düşdüm. Artıq yol gedə bilmirdim, səslər, insanların enerjisi, aurasını, neqativini görürdüm. Bütün günü yatmaq istəyirdim. Yuxularım dəhşət idi, qızılı skafandrda ucaboylu kimlərsə mənə nəsə öyrətməyə çalışırdı. Görmədiyim yerləri gəzirdim. Ovuclarımın içi yanırdı. Axırda dözməyib, verilişlə bağlı yazdığım ekstrasens siyahısına baxdım. O vaxt Bakıda məşhur rus bir oğlan görücü var idi, xəstə yataqda insanları qəbul edirdi. Onun yanına getdim, qapıdan məni görən kimi dedi:  "Səndə vergi var. Onu işlətməyi bacarmalısan". Mən həmin gündən dəyişdim. Anladım ki, məni həkimlər, mollalar, ekstrasenslər yox, elə özüm xilas etməliyəm. Başladım oxumağa, araşdırmağa, öyrənməyə. 10 il müxtəlif kursları keçdim, reykini öyrəndim, enerjimi ələ almağı bacardım, daha qorxmadım və missiyamı bildim.

Daha sonra şərq müalicə üsullarını öyrəndim, parapsixologiya institutunda imtahan verdim, parapsixoloq, enerqoterapevt diplomu aldım. Amerikada isə hipnoz terapevt və reyki ustadı diplomu aldım. Türkiyə və Amerikada bu sahə üzrə çalışdım. 

-İnsan xəstələnir: həkimlər bədəni müayinə edir, orqanları görür və həqiqətən də bir diaqnoz tapırlar. Bəs energetik xəstələnmə nədir? Bunlar bir-biri ilə bağlıdırmı?

-İnsanın yaradılışdan 7 bədəni var. Biri fiziki, 6-sı astral. Fiziki gördüyümüz, toxunduğumuz və həkimlərin müayinə etdiyi bədən, orqanlardır.

İnsanın endokrin sistemi, koronar-ürək damar sistemi, hormonal, sinir, həzm sistemi var. Eynilə də astral bədənin energetik  sistemləri var. 

Hazırda indiki KT, EKQ ilə müayinələrdə müəyyən energetik şüalanma və dalğaları görmək olur. Bunları orqanlar və qan əks etdirmir, bunu enerji əks etdirir. 

Dünyada belə bir aparat var: KİRLİAN. Bu aparat insanın ətrafında olan  energetik sahəni, astral bədənin fotosunu çəkir. Bu aparatı istənilən adam əldə edib, öz energetik sistemini yoxlaya bilər. Texnologiya inkişaf etdikcə, elm də dediklərimi təsdiq edir. İnsanın bioenergetik elektromaqnit sahəsi var. Bu bədən fiziki bədənimizi qorumaq və qidalandırmaq  üçün yaranıb. Ola bilməz ki, bütün yaradılışın mərkəzi olan insanı təkcə dəri və sümük qorusun. Bu qədər şüalanma, dalğalar var, hər yer enerjidir. Mütləq bir energetik qorunma qatı da olmalıdır. Bu da insan yaradılarkən düşünülüb.

Bir yumurta təsəvvür edin. Yumurtanın qabığı, içində ağ şəffaf örtük, ağı və sonra sarısı gəlir. Eynilə insan bədəni və energetik sahəsi də belədir.  

İnsan enerji ilə qidalanır. 4 enerji mənbəyimiz var. 

1-ci qidadır, yeyirik, enerjimiz artır. İnsan ac olanda gücsüz olur. 

2-ci günəş, təbiət, su, hava, ağaclar - ona görə insan dəniz, su kənarında, meşədə olanda sakitləşir, enerji alır.

3. Nəfəs, tənəffüs - bu da havadan enerji almaqdır. Yoqlar bu metodla da enerji ala bilirlər. İnsan düzgün tənəffüs hərəkətlərini bilsə, enerjisi çox olar. İnsanın sadəcə ağciyərləri ilə adi nəfəs alıb verməsi bura daxil deyil. O, fiziki bədən üçündür. 

4. Ən vacib enerji mənbəyi Kosmosdur. Bu, universal kosmik enerjidir. Canlı olan və olmayan hər şeyi qidalandırır. Əgər biz bu enerji mənbəyindən məhrum oluruqsa, - 90% insan bundan məhrumdur - o zaman biz yalnız qidadan, sudan enerji alırıq. Ona görə çox yeyir, kökəlir, tez də acır və qocalırıq. Əslində insana bu qədər qida lazım deyil. O, kosmos, təbiət, tənəffüsdən lazımi enerjini alsa, indi yediyinin 20%-ni də yesə, yetərlidir.  Çünki kanallar açıq olanda, enerji dövranı normal gedir, tox olursan.   Yəqin ki eşitmisiniz , Günəş adamları var.  Onlar yemək yemir. Təkcə günəşdən enerji almaqla qidalanırlar. Bəs niyə ölmürlər? Deməli, qida elə də vacib amil deyil. 

Bəs xəstəliklər nədir, müalicə necə olmalıdır?

Bir kompüter misalı çəkim: monitor, yaddaş, super güc. Bir kompüter enerjiyə taxılmasa, işləyəcəkmi? Xeyr. Heç açılmayacaq da. Eləcə də insan - universal bir  kompüterdir. Onun enerji mənbəyi kosmosdur. Onun "zaryadka"sı kosmosa qoşulub. Əgər bu əsas enerji mənbəyindən insan qopursa, ehtiyat batareyaları işə düşür. Bunlar rezervdir, akkumlyatordur. Sonradan bu batareyalar da tükənəndə, orqanizmdə xəstəliklər başlayır. İlk növbədə hər insanda genetik zəif halqalar var. Kimidə diabet, kimidə əqli problem, kimidə xərçəng. Və enerji tükəndikdə artıq bu xəstəliklər oyanır. 

Əvvəlcə energetik sistem çökür, sonra ona bağlı olan endokrin-hormonal balans pozulur. Daha sonra sinirlər qoşulur, ürək-damar. Başladısa, davamı gedir. Adətən energetik balans pozulduqdan 7 il sonra ağır fiziki xəstəliklər başlayır. Əsas də bədəndə gəzəyən ağrılar olur ki, gah oram ağrıyır, gah buram ağrıyır deyirlər. Həkim də bir şey tapmır. Bunlar energetik pozulmanın ilk əlamətləridir.   Tibdə buna fantom ağrılar deyilir. Bəzən olur ki, xəstənin ayağı kəsilir, amma xəstə deyir ki, o ayağım ağrıyır. Necə? Çünki energetik yaddaşda saxlanılıb. Ayaq fiziki olaraq mövcud deyil, amma enerji forması qalıb. Bu informasiya bir müddətdən sonra pozulanda ağrı itir. 

-Sizi həkimlərdən və tibbi müayinə-müalicədən fərqləndirən nədir?

-Mən analiz, rentgen, USM etmirəm. İnsanın energetik sahəsinin yaddaşını oxuyuram. Bədən ətrafında olan energetik sahənin formasından bilinir ki, hansı orqanda nə problem var. İnsan güclü stress, həyəcan, qorxu keçirəndə, hansısa energetik hücuma məruz qaldıqda, xəstələndikdə, energetik sahədə dəliklər, ləkələr,  sızmalar görünür.  

90 faiz xərçəng xəstələrini araşdıranda məlum olur ki, 7-8 il əvvəl həyatlarında böyük şok, stress yaşamış insanlardır. Sonra o məqam keçir, elə bilirlər heç nə olmayacaq, amma 7-8 il sonra şiş aşkar olunur. 

-Niyə energetik balans pozulur? 

-Energetik balansın pozulması 2 səbəbdən olur.  Xaricdən - bu, göz-nəzər, həsəd, el arasında cadu, əməl, neqativ təsir, lənət və s. Bunlar da enerjidir.