Boşanma: problemin sonu, yoxsa


Digərləri 19 Yan 2019 20:35:00 606 0

Boşanma: problemin sonu, yoxsa

28 yaşlı Gülnar Mehdiyeva 2016-cı ildə 32 yaşlı Ruslan Muradovla rəsmi nikaha daxil olub. Amma bu cütlüyün evlilik həyatı cəmi 3 il sürüb və bu ilin yanvarında tərəflər nikah münasibətlərinə rəsmən son veriblər. Lakin cütlük boşanarkən nə Gülnara, nə də onun iki yaşlı oğlu Uğura ailənin vaxtilə bir yerdə yaşadığı 3 otaqlı mənzildən heç bir pay verilməyib. Hazırda isə Gülnar oğlu ilə bərabər ata evinə qayıdaraq valideynlərinin kirayədə qaldığı birotaqlı mənzildə yaşamaq məcburiyyətindədir.

Qeyd edək ki, mövcud təcrübə də nikahın pozulmasından sonra yaranan ən böyük problemin əmlak bölgüsü zamanı meydana gəldiyini göstərir. Elə bu səbəbdəndir ki, bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

Son.az gencaile.az-a istinadən bildirir ki, bəs görəsən, nikahın pozulması zamanı əmlak mübahisəsinin ortaya çıxmasının səbəbi nədir? Ümumiyyətlə, yerli qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?

"Təmiz Dünya" Qadınlara Yardım  İctimai Birliyin sədri Mehriban Zeynalova hesab edir ki, ailələrin dağılması zamanı daha çox qadınların hüquqlarının pozulması onlara ikinci dərəcəli şəxs kimi baxılmasından irəli gəlir. Ekspertin sözlərinə görə, adətən qadınlar öz hüquqlarını bilmədiyindən boşanma prosesində ciddi problemlərlə üzləşirlər: "Bizə də boşanma prosesindən sonra yaranan problemlərlə bağlı çoxsaylı müraciətlər daxil olur. Məsələni araşdırarkən məlum olur ki, ya əmlak bölgüsü zamanı qadına pay düşməyib, ya da uşağa aliment kəsilməyib. Sözsüz ki, bütün problemlərin əsas qaynağı qadınların öz hüquqlarını bilməməsidir. Əgər qadınlar öz hüquqları barədə məlumatlı olarsa, o zaman onlar ailə qurarkən daha tədbirli davranarlar".

Şərti şumda kəsmək lazımdır ki...

Mehriban Zeynalova problemdən çıxış yolu kimi nikaha daxil olan cütlüklərin nikah müqaviləsi bağlamasını vacib sayıb. Onun sözlərinə görə, yeni ailə quran cütlüklər mütləq nikah müqaviləsi bağlamalıdırlar: "Düzdür, ailə qurarkən heç kim boşanacağını düşünmür və ailəsinin əbədi olacağına ümid edir. Amma bu danılmaz faktdır ki, hər qurulan ailə uğurlu alınmır. Ona görə də gənclər ailə qurarkən ağılla hərəkət etməlidirlər. Əgər yeni cütlüklər nikah müqaviləsi bağlayarlarsa, boşanma prosesində əmlak və digər məsələlərin bölgüsü zamanı problem də ortaya çıxmaz. Necə deyirlər şərti şumda kəsmək lazımdır ki, sonradan tərəflər arasında münaqişə yaranmasın".

Qazancı olmayanların əmlak hüququ

Yerli qanunvericilikdə boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələri həllinin necə tənzimlənməsinə aydınlıq gətirən Azərbaycan Hüquq İslahatları Mərkəzi" (AHİM) ictimai birliyin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov isə bildirir ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır: "Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın".