20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər”


Digərləri 19 Yan 2019 10:14:00 635 0

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər”

Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Bu günə qədər 20 Yanvar faciəsinin işıqlandırılması, həqiqətlərin dünyaya çatdırılması sahəsində əhəmiyyətli addımlar atılıb, müxtəlif vasitələrlə təbliğat prosesi həyata keçirilib. 

Azərbaycanda qanlı Yanvar qırğınını əks etdirən çoxsaylı kitablar, məqalələr, ekran əsərləri və filmlər ərsəyə gətirilib. Amma təəssüf ki, bu cür işlərdən bəziləri pərdə arxasında qalıb, ictimaiyyətə, o cümlədən beynəlxalq arenaya lazım səviyyədə çatdırılmayıb.

20 Yanvar hadisələri haqqında hələ 1991-ci ildə "Hüznlü ana" adlı sənədli film də çəkilib. Hansı ki, bu film "Qanlı Yanvar"ın ildönümlərində ekrana çıxarılmadığından əksəriyyət ekran işindən xəbərsizdir. Baxmayaraq ki, ekran əsəri 20 Yanvar faciəsinin şahidlərinin yaşadıqları müsibətləri onların öz dili ilə əks etdirir.

Son.az xəbər verir ki, sözügedən filmin çəkilməsi prosesində baş məsləhətçi kimi iştirak etmiş YAP Nərimanov təşkilatının üzvü  Nizami Babaşov bu haqda  modern.az-a danışıb.

- 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən faciə haqqında sənədli film çəkmisiniz. Belə bir filmin hazırlanması ilə əlaqədar ideya necə yarandı? 

- "Hüznlü ana" filmi 1991-ci ildə 20 Yanvar faciəsinin birinci ildönümü ilə əlaqədar ərsəyə gətirilmişdi.  O zamanlar, demək olar, bir çox ziyalıların, mövcud vəziyyəti dərk edən vətəndaşların tək məqsədi 20 Yanvar faciəsini bütün dünyaya çatdırmaq, təbliğatını aparmaq idi. Vətən üçün yanan vətəndaşlar hər vasitə ilə xalqımıza qarşı törədilən bu ədalətsizliyin haqq səsini dünyaya yaymağa çalışırdılar. Lakin Azərbaycan informasiya blokadasında olduğundan bu işi görmək xeyli çətinləşmişdi.

Bütün bunlara rəğmən bizim haqq səsi uğrunda vuruşmamız səngimirdi. Azərbaycan xalqını  düşünən, Səttarxan adına (əvvəlki letyenant Şmidt) Maşınqayırma zavodunun direktoru mərhum Əyyam Musayev o zaman bu sahədə təbliğat aparmaq üçün fərqli bir üsula əl atdı.

O, Samarada yerləşən "Volqa"  film kinostudiyasının əməkdaşlarını şəxsi təşəbbüsü ilə Bakıya dəvət etdi. Biz düşmənlərimizə bu faciəni daha yaxşı çatdırmaq üçün qanlı Yanvar haqqında elə düşmənin öz dilində film çəkməyi qərara aldıq.

Şmidt zavodu ilə Samara film kinostudiyası arasında müqavilə imzalandı və Əyyam Musayevin tapşırığı ilə mən filmin baş məsləhətçisi təyin edildim. Çünki filmi çəkənlər ruslar idi, burada hər hansı təhrifə yol verə bilərdilər. Bunun qarşısını almaq məqsədilə filmin hazırlanmasına ciddi nəzarət etdim. O zamanlar mən zavodda Partiya Təşkilat Komitəsinin sədri vəzifəsində çalışırdım.

 

- Filmin sujet xətti ilə bağlı məlumat verməyinizi istərdik... 

- Filmin çəkilişləri üçün biz 20 Yanvar şəhidlərinin evlərinə getdik, ailələri ilə görüşüb, onlarla söhbətlər apardıq. Bütün çəkilişlərdə mən yaradıcı heyətin tərkibində iştirak etdim. 20 Yanvar şahidləri həmin gecə haqqında yaddaşlarında qalanları, şəhid ailələri şəhidlərin həyatı, həmin gün yaşadığı iztirablardan danışdılar. Ürəkağrıdıcı xatirələr həmin vaxt hətta rus kinorejissorların, çəkilişdə iştirak edən əməkdaşların da göz yaşlarına səbəb olurdu.

O zaman hazırlandıqda film 45 dəqiqəlik idi və rusca hazırlanmışdı. Həm filmin yaradıcı heyəti ruslar olduğuna görə bu, belə alınmışdı, həm də biz faciəni törədənlərə Azərbaycan xalqının yaşadığı dəhşətləri elə onların öz dilində çatdırmağa çalışırdıq. "Hüznlü ana" filmi Samarada sənədli filmlər festivalında iştirak etdi və diploma layiq görüldü.


Xəbərə aid fotolar