Kamran Nəbizadə: Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını daxili istehsal hesabına ödəyə biləcək (FOTO)


Digərləri 18 Yan 2019 20:22:00 641 0

Kamran Nəbizadə: Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını daxili istehsal hesabına ödəyə biləcək (FOTO)

Qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

Bakı. Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq. Bunu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə Cəmiyyətin 2018-ci ildə fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasında deyib. K.Nəbizadə bildirib ki, müstəqilliyimizin ilk illərində istehsal sahələri, iqtisadi və sosial infrastrukturu demək olar ki, tamamilə dağılmış Azərbaycan, tarixi baxımdan qısa zaman ərzində sağlam bazar münasibətlərini qura bilib və indi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib: "Neft hasilatından əldə edilən maliyyə resurslarının qeyri-neft sektoruna, mühüm sosial layihələrin reallaşdırılmasına yönəldilməsi sayəsində son illərdə qeyri-neft sektorunun artım templəri neft sektorunun artım templərini üstələməyə başlamışdır. Dünyada böhran xarakterli proseslərin davam etdirilməsi fonunda, Azərbaycan iqtisadiyyatı artır, bunu beynəlxalq müşahidəçilər də müşahidə edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 34-cü, infrastrukturun inkişafı üzrə 30-cu yerdədir. Bu o deməkdir ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan iqtisadi inkişaf siyasəti və strategiyası öz bəhrəsini verməkdədir". ASC rəhbərinin sözlərinə görə, əvvəllki illər xarici investisiyalara ehtiyacı olan Azərbaycan indi özü bir çox iri infrastruktur layihələrinin təkanverici qüvvəsinə, investoruna çevrilmişdir. Azərbaycanın “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə nəzərdə tutulan gələcək sosial-iqtisadi inkişafı da, məhz qeyri-neft sektorunun inkişafından, onun şaxələnməsi səviyyəsindən asılıdır: "Bu gün biz ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq 1 il öncə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabat veririk və elə bilirəm ki, toplantımızda biz ötən il əldə etdiyimiz müvəffəqiyyətlərlə yanaşı, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, inkişafımızın perspektivləri barədə müzakirə aparacağıq. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifə müasir idarəçilik mexanizminin, yeni texnologiyaların tətbiqi, istehlakçıların tələbatlarını daha dolğun ödəyən məhsulların buraxılması sayəsində qeyri-neft sektorunda inkişafı təmin etmək, müəssisələr arasında kooperasiya əlaqələrini möhkəmlətmək, yeni iş yerləri yaratmaqla, əhalinin sosial rifahının yüksəlməsinə öz töhfəsini verməkdir". Baş direktor vurğulayıb ki, qeyri-neft sektorunun, inkişaf etdirilməsi sahəsində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti qarşısında ölkə rəhbərliyi tərəfindən mühüm vəzifələr qoyulmuşdur: "Hazırda, “ASK” ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlardan ən irilərinə nümunə kimi, “Azərpambıq ASK” MMC-ni, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün ASK” MMC-ni və digərlərini göstərmək olar. Bu günə törəmə müəssisələrimizin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. Balansımıza verilən mülkiyyətin qiymətləndirilmə prosesinin obyektivliyini təmin etmək üçün bu sahədə dünyanın “Böyük dördlüyü”nə aid daxil olan “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətləri cəlb olunmuşdur. Qiymətləndirmə prosesində tanınmış yerli mütəxəsisslər də iştirak etmişdilər. Sərəncamımıza verilən bu əmlak, fəaliyyətimizin uğurlu startını təmin etmək üçün kifayət qədər maddi baza yaradır. İndi bizim əsas vəzifəmiz bu aktivlərdən səmərəli surətdə istifadə etməklə, onu daha da artırmaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəmizi verməkdir. Müasir menecmentin əsas tələblərindən biri maliyyə axınları üzərində nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaqdır. Bu məqsədlə müəssisələrdə dövrümüzün tələblərinə cavab verən korporativ idarəetmə və onun tərkib hissəsi olan hesabatlılıq sistemi qurulmuşdur. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C3 Korporasiya” proqramının tətbiq olunması bu yöndə atılan mühüm addımlardan sayıla bilər. Bu proqramın tətbiqi biznes proseslərinin düzgün təsvirinə, təhlilinə, təkmilləşdirilməsinə və son nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq, satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcəkdir. Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində ölkə büdcəsinə daxil olan valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir. Elə düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaqdır. Fəaliyyətimizin nəticələri həyata keçirdiyimiz investisiya siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələrin, “Azərpambıq” Aqrar Sənaye Kompleksinin, “Azəripək” MMC-nin, “Azəraliminium” MMC-nin, “ASK Şüşə” MMC-nin, “Azərtütün” MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılmışdır. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınmışdır. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və bu günə qədər 56 min ton xam pambıq tədarük edilmişdir. Pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edirik. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etməyi planlaşdırırıq.