Azərbaycanda gömrük sahəsində aparılan islahatlar: məqsəd və nəticə


Digərləri 18 Yan 2019 17:03:00 653 0

Azərbaycanda gömrük sahəsində aparılan islahatlar: məqsəd və nəticə

Dünya iqtisadi böhranı fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlər çərçivəsində gömrük orqanları da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verir.

Elçin Mehdiyev – Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də aparılan mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırıb, eləcə də qeyri-neft sektorunun inkişafı, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi və tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Dünya iqtisadi böhranı fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlər çərçivəsində gömrük orqanları da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verir. Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşib, Şimalla Cənub, Qərblə Şərq arasında körpü rolunu oynayıb. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və zaman-zaman ölkəmizdə müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Hazırda yüksək Avropa standartlarına uyğun maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan Gömrük Xidmətinin fəaliyyət və strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan gömrüyünün fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şərait yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha da cəlbedici olmasına yönəlib. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar gömrük işinin təşkilinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaradıb. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən ibarətdir. Azərbaycanda sahibkarlıq subyektlərinə gömrük sahəsində yaradılan şəraitin daha da yaxşılaşdırılması üçün gömrük qanunvericiliyi təkmilləşdirilir, gömrük prosedurlarının asanlaşdırılması və vaxt itkisinin aradan qaldırılması istiqamətində addımlar atılır. Bu tədbirlərin nəticələrindən biri də ötən il mayın 10-dan etibarən Azərbaycanın İranla sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyətə başlamasıdır. Adıçəkilən məntəqələrdən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunur. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edir. Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası, şəffaflığın təmin olunması istiqamətində islahatlar hələ də davam etdirilir. Məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Gömrük Xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib. Hazırda gömrük sistemində bütün ödənişlər 100 faiz elektron qaydada aparılır. Bu ödənişlərin yalnız 30%-i gömrük orqanları və ya gömrük təmsilçiləri vasitəsilə bəyan olunur, qalan 70%-i isə iş adamlarının ofisindən və ya evdən həyata keçirilir. 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Elektron idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində artıq elektron bəyannamə sistemi 100 faiz tətbiq edilir ki, bu da idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb. Azərbaycan gömrüyü informasiya texnologiyaları sahəsində çox böyük uğurlara imza atıb, son zamanlar bu istiqamətdə yeniliklər tətbiq olunub. Təsadüfi deyil ki, Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçiriləcək. Bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarəti ən müasir avadanlıqlarla həyata keçirilir, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələr gerçəkləşdirilir. Bu baxımdan malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi xüsusi önəm daşıyır.